Milli Məclisdə "Tütün və tütün məmulatı haqqında" Qanuna dəyişiklik təklifləri müzakirəyə çıxarılıb. Təkliflərdən biri tütün məmulatı istehsalında yerli xammaldan istifadə tələbinin qoyulması ilə bağlıdır. Bildirilir ki, tütün xammalının yeni növlərinin becərilməsi və həcminin artırılması üçün 2024-cü ildə istehsal olunan tütün məmulatlarının tərkibində 96 qram, 2027-2029-cu ildə 100 qram, 2030-cu və daha sonrakı illərdə 120 qram yerli xammal olmalıdır. Hökumət bu qərarını yerli bazarın qorunması məqsədi ilə izah edir.
Dövlət Vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin rəisi Azər Süleymanov mövzu ilə bağlı açıqlamasında bildirib ki, ötən il Azərbaycanda 15.3 milyard ədəd siqaret istehsal olunub. Bunun 98 faizi yerli istehsaldır. Di gəl, siqaretlərin Azərbaycanda istehsal edilməsi hələ Azərbaycanın siqaret istehsalı ilə bağlı xaricdən asılı olmadığı demək deyil. Dövlət Vergi Xidməti rəsmisinin nəzərə almadığı məqam odur ki, Azərbaycanda siqaret istehsal edilsə də, siqaret xammalı baxımından xaricdən ciddi asılılıq var.
Bu asılılıq Rusiya-Ukrayna savaşı başlarkən Azərbaycandakı siqaret istehsalçılarını çətin duruma salmışdı. Axı həmin dövrədək Azərbaycanın emal edilmiş tütünə tələbatını Ukrayna təmin edirdi. Savaş başlayandan sonra Ukraynada istehsal və logistika imkanlarının çətinləşməsi Azərbaycanın emal edilmiş tütün idxalına da təsir göstərmişdi. Hətta həmin dövrdə bir müddət bəlli siqaret markaları tapılmadı və siqaret istehsalçıları bu məsələyə dair ayrıca açıqlama da yaydı. Azərbaycanda iri siqaret istehsalçılarından "Tabaterra" QSC-nin açıqlamasında bildirilirdi ki, "hazırda regionda davam edən müharibə üzündən dünyada logistika sahəsində çətinliklər yaşanmaqdadır və bu səbəbdən yuxarıda qeyd olunan markaların bəzi çeşidləri üçün xammalların təchizat ölkəsi üzrə dəyişiklik prosesi daha çox vaxt tələb etmişdir". Ukraynadan emal edilmiş tütün idxalında problemlər yarandıqdan sonra Azərbaycanın siqaret istehsalçıları emallı tütünü, əsasən, Türkiyədən təmin etməyə başladılar.
Buna da bax: Rusiya-Ukrayna savaşı Azərbaycanda siqaret istehsalçılarını çətin duruma salıbAzərbaycanda tütün istehsalı nə yerdədir?
Dövlət Gömrük Komitəsinin rəqəmlərinə görə, ötən il Azərbaycan tütün və tütün məhsullarının idxalına 120 milyon dollara yaxın pul xərcləyib. Tütün hər il Azərbaycanda idxalına ən çox vəsait sərf edilən məhsullardandır. Elə hökumətin bu sahəyə marağının artmasına səbəb olan amil də məhz bununla bağlıdır. Özəlliklə 2015-ci il devalvasiyalarından sonra Azərbaycan idxalına çox vəsait xərclədiyi bəlli məhsulların yerli istehsalını artırmağa və ölkədən valyuta çıxışını azaltmağa çalışır.
Onu da unutmaq olmaz ki, 2017-ci ildə "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı" təsdiqlənmişdi. Tütün əkini sahələrinin genişləndirilməsi və məhsuldarlığın artırılması, tütünün istehsalı, ilkin emalı və son məhsulun ölkədə istehsalının genişləndirilməsi bu proqramın əsas məqsədləri idi. Dövlət Statistika Komitəsinin Azərbaycanda tütünün əkin sahələri ilə bağlı yayımladığı rəqəmlərdən görünür ki, bu proqramın qəbulundan sonra ölkədə tütün əkinlərinin sahəsi artsa da, sonradan yenidən azalmağa başlayıb. Rəsmi rəqəmlərə görə, 2016-cı ilədək Azərbaycanda tütün əkinlərinin sahəsi 1.1-1.4 min hektar arası dəyişib. 2016-cı ildə bu rəqəm 2.4 min hektara yüksəlib. Tütünçülüklə bağlı proqramın qəbulundan sonra 2017-ci ildə bu rəqəm 3 min hektarı aşıb. 2019-2021-ci illərdə Azərbaycanda tütün əkinlərinin sahəsi dəyişməz qalıb – 3.1 min hektar. 2022-ci ildə isə tütün əkinlərinin həcmində ciddi azalma baş verib və əkinlərin həcmi 2.4 min hektara enib. Ötən il 2.7 min hektar ərazidə tütün əkini aparılıb. Deməli, rəqəmlərdən göründüyü kimi, bu istiqamətdə dövlət proqramının icra edilsə də, sonrakı illərdə Azərbaycanda tütün əkini sahələrində kəskin artım baş verməyib.
Buna da bax: Tütün yarpağından yanacaq alındıƏkin sahəsi ilə yanaşı, istehsal həcmində də oxşar trend müşahidə edilir. Azərbaycanda tütün istehsalı 2018-ci ildə 5.3 min tondan 6.3 min yona yüksəlin. Ötən il də Azərbaycanda elə 6.3 min ton tütün yetişdirilib. Başqa sözlə, 2018-ci ildən sonra bu bitkinin istehsalında ciddi dəyişiklik baş verməyib. Bu baxımdan, ölkədə yerli tütünün siqaret istehsalındakı payının artması üçün bu istiqamətdə həvəsləndirici addımların atılmasına, yerli tütünün keyfiyyətinin yüksəldilməsinə də ehtiyac var. İndiyədək mediada bu mövzuda ictimailəşən bilgilərdən bəlli olur ki, tütünçülüklə məşğul olanların avadanlıq və digər infrastrukturla təminatında, eləcə də fermerlərin yeni metodlarla tanışlığında bəlli problemlər var.
34 milyon manat tələbi
"Tütün və tütün məmulatı haqqında" Qanuna dəyişiklik təklifi, sadəcə, yerli tütün istifadəsi ilə bağlı deyil. Eyni zamanda, qanun layihəsinə əsasən, tütün məmulatı yetişdirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması üçün 34 milyon manatdan az olmayan məbləğdə investisiya qoyulması tələbi də gətirilir. Bu dəyişiklik təklifi belə əsaslandırılır ki, ölkə ərazisində istehsal olunan bir sıra tütün məmulatı sanitar-gigiyena normalarına uyğun gəlmir, bazarda mənşəyi bilinməyən, aşağı keyfiyyətli mallar əhalinin sağlamlığına qorxu törədir, üstəlik, vergidən yayınma halları da geniş vüsət alır. Qanun layihəsində bildirilir ki, tütün məmulatlarının istehsalı spesifik avadanlıq əsasında aparıldığından bu avadanlıqlara əsaslanan istehsal xəttinin qurulması böyük investisiya (10 milyon ABŞ dolları) tələb edir. Müəssisənin normal fəaliyyəti üçün belə avadanlıqdan ibarət iki istehsal xətti olmalıdır. Göstərilən məbləğ yalnız texnoloji avadanlığın qiymətidir və müəssisənin formalaşdırılması ilə bağlı digər xərcləri əhatə etmir.