Türkmənistan hökuməti yeni tipli koronavirusun aşkarlanması üçün ölkədə keçirilmiş testlərin nəticələrinin müstəqil araşdırmaya göndərilməsi üçün heç nə etməyib.
Türkmən rəsmilər lap əvvəldən bəyan ediblər ki, onların ölkəsində COVID-19-a yoluxmuş bir nəfər də qeydə alınmayıb.
Buna baxmayaraq ölkədə karantin rejimi elan edilib və insanlar sətəlcəmdən ölməkdə davam edirlər.
Aşqabadın analiz nümunələrini müstəqil qiymətləndirməyə göndərməkdən imtina etdiyi barədə məlumatı Dünya Səhiyyə Təşkilatının (DST) Avropa üzrə regional direktoru Hans Klyuge verib.
AzadlıqRadiosu Türkmən xidmətinin verdiyi xəbərə görə Klyuge Türkmənistan rəhbərliyini bir daha nümunələrin xarici laboratoriyalara göndərilməsinə çağırıb və deyib ki, bu barədə açıq dialoq aparılır.
Türkmənistanda koronavirus simptomlu xəstəliklərin qeydə alınmasına baxmayaraq prezident Qurbanqulı Berdımuxammedovun hökuməti ölkədə COVID-19 virusunun olmamasında inadkarlıqla israr edir.
Buna da bax: Türkmənistan prezidenti koronavirusun çarəsini bildiyini deyir
“Olmayan virusa” qarşı misilsiz tədbirlər
Lakin AzadlıqRadiosunun verdiyi xəbərə görə Türkmənistanda xəstəliyin yayılmasının qarşısının alınması üçün misli görünməmiş tədbirlərə əl atılır.
Hökumətin tanımaq istəmədiyi virusa görə şəhərlərarası sərnişindaşıma dayandırılıb, risk yaşında olan sakinlərin evdən çıxması qadağan edilib.
Vətəndaşlardan “tozdan qorunmaq” üçün icbari qaydada maska taxmaları tələb edilir.
Yanvar ayında Türkmənistan hökuməti məktəblərin birnövbəli tədrisdən iki və üçnövbəli tədrisə keçilməsinə göstəriş verib.
Böyük məktəblərdə siniflər bölünüb və partaların arasında 2 metr məsafə saxlanması qaydası tətbiq olunub.
Yanvarın 20-dək ölkəyə xaricdən giriş qadağan edilib.