Uçurulacağı gözlənən ev tarixi abidə oldu

Tarixi abidə

Nazirlər Kabineti söküləcəyi ilə bağlı narahatlıqların olduğu “Malakanların dua evi” kimi tanınan bina ilə bağlı qərar verib.

Beləliklə, “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarında dəyişikliklər edilib.

Qərarla “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nın “Memarlıq abidələri” bölməsinə ibadət evi (S.Rüstəm küçəsi, 10, 1913-cü il) və məscid (R.Rza küçəsi ilə H.Aslanov küçəsinin kəsişməsi) daxil edilib.

Eyni zamanda, Mədəniyyət Nazirliyinə aidiyyəti qurumlarla birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xatırlatma

Süleyman Rüstəm-10 ünvanında yerləşən bina ilə bağlı bir müddət idi ki, cəmiyyətdə müzakirələr gedirdi. Bu binanın 1913-cü ildə Skobelyevin təşəbbüsü ilə «Malakanların dua evi» kimi inşa edildiyi bildirilir. Binada «Salaam Cinema Baku» klubu fəaliyyət göstərir.

Mayın 5-də «Salaam Cinema Baku» adlı həvəskar kinoteatr birliyindən binanı boşaltmaq tələb edilib. Binaya sahibi və polislər gəlib. Amma klubun əməkdaşları binanı tərk etməyiblər, onun söküləcəyini iddia ediblər. Onlar vurğulayıblar ki, bu bina tarixi əhəmiyyət kəsb edir. «Salaam Cinema Baku» əməkdaşları üstəlik, məsələ ilə bağlı Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya da müraciət etmişdilər.

Binanın sahibinin nümayəndəsi isə bildirmişdi ki, «Salaam Cinema Baku» adlı kinoteatrın həmin binada fəaliyyət göstərməsi ilə bağlı müqavilə yoxdur:“Bina şəxsi mülkiyyətimizdədir, ən qısa zamanda məhkəmə yolu ilə oradan çıxarılacaqlar”