ÜDM azalıb

Azərbaycan - alüminium zavodu (Arxiv)

Bu ilin ilk 9 ayında Azərbaycanda 50 milyard 067,3 milyon manat Ümumi Daxili Məhsul (ÜDM) istehsal edilib.

Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz azdır.

Bu barədə Dövlət Statistika Komitəsinin yeni açıqladığı 9 aylıq hesabatda bildirilir.

Hesabata görə, əhalinin hər nəfərinə 5 min 149.4 manat dəyərində ümumi daxili məhsul düşür.

Buna da bax: Deputat: 'Azərbaycanda aclıqdan əziyyət çəkən görməmişəm'

9 ayda qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyərin 2,5 faiz artdığı, onun ÜDM-dəki payının 62,6 faiz olduğu bildirilir.

Hesabatda neft sektorunda istehsal olunan əlavə dəyərin isə əvvəlki ilin eyni dövrünə nisbətən 6,5 faiz azaldığı yazılır.

ÜDM istehsalının 40,2 faizi sənayedə, 10,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmirində, 8,7 faizi tikintidə, 6,9 faizi nəqliyyat, anbar təsərrüfatında, 5,9 faizi kənd, meşə təsərrüfatı və balıqçılıqda əldə edilib.

XATIRLATMA

Bu ilin birinci yarısında ölkədə 31 milyard 310.6 milyon manat ÜDM istehsal edilmişdi. Əhalinin hər nəfərinə 3 min 224.6 manat dəyərində ümumi daxili məhsul düşürdü.

Yarımildə iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrünə nisbətən 1.7 faiz artmış, neft-qaz bölməsində isə əksinə, 6.6 faiz azalmışdı.

Ötən il Azərbaycanda ÜDM 3.8 faiz azalmışdı.