Xarkovda su və elektrik kəsilib 

Rusiya ordusunun raket zərbələri nəticəsində Ukraynanın Xarkov şəhərində su və elektrik təchizatı dayanıb.

Şəhər meri bildirib ki, Rusiya qüvvələri indi daha çox Xarkovun mərkəzinə yaxın ərazilərə zərbə endirir.

İhor Terexov sentyabrın 12-də bildirib:

"Ötən gecəki vəziyyət təkrar olunub. Atəş nəticəsində həyati əhəmiyyətli infrastrukturun fəaliyyəti pozulub. Nəticədə Xarkovun su və elektrik təchizatı dayanıb”.

Xəbər verilir ki, mühəndislər və xilasedicilər elektrik və su təchizatını yenicə bərpa etmişdilər.

Xarkovdakı İstilik Enerji Stansiyasına raket zərbələri endirilməsi nəticəsində Ukraynanın beş regionu işıqsız qalıb.

SBU-nun Xarkovdakı keçmiş rəhbəri saxlanıb

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) şərqi Xarkov vilayətindəki direktorluğunun keçmiş rəhbəri Roman Dudinin vətənə xəyanət ittihamıyla saxlandığı bildirilir.

Yerli media sentyabrın 11-də Ukrayna hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla xəbər verib ki, Dudin Ukraynanın açıqlanmayan qərb vilayətində saxlanıb, ona vəzifəsini qanunsuz tərk etmə və vətənə xəyanətdə şübhəli bilindiyi haqda məlumat verilib.

Dövlət Təhqiqatlar Bürosunun (DBR) sözçüsü Olha Çikanova Ukrinform xəbər agentliyinə Dudinin hazırda həbsdə olduğunu təsdiqləyib. Hələlik, nə DBR, nə SBU bu haqda rəsmi açıqlama yayıb.

Prezident Volodimir Zelenski mayın sonunda Xarkov vilayətinin mərkəzinə səfərdən sonra Dudini vəzifəsindən azad edib. Onda Zelenski deyirdi ki, Dudin Rusiya fevralın 24-də Ukraynaya qarşı başlatdığı “tammiqyaslı müharibənin ilk günlərində şəhəri müdafiə etmək üçün çalışmayıb”.

Dudin isə AzadAvropa/AzadlıqRadiosuna demişdi ki, nə Zelenski, nə də SBU-nun ozamankı başçısı İvan Bakanov onun Xarkov vilayətindəki işindən şikayət bildiriblər.

***

Ukrayna ordusu Rusiya qüvvələrinin tutduğu ərazilərin azad olunmasının davam etdiyini bildirir. Silahlı Qüvvələrin Baş qərargahının sentyabrın 12-də yaydığı məlumata görə, son bir gündə Xarkov və şərqi Donetsk vilayətlərində 20-dən çox kənd azad olunub.

Sentyabrın 11-də Ukraynanın şərqində böyük ərazilərdə elektrik kəsilib. Kiyev Moskvanı enerji infrastrukturuna hücumda ittiham edib.

Xarkov, Sumı, Poltava, Zaporojye, Dnepropetrovsk vilayətlərində elektrik və su təchizatında problemlərin milyonlarla insanı əhatə etdiyi bildirilir. Sonradan bəzi ərazilərdə elektrik bərpa olunub.

Buna da bax: Ukrayna ordusu bir-neçə şəhəri azad edib, faktı Moskva da təsdiqləyir

Zelenskinin mesajı

Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Rusiya “əhalini işıq və istilikdən məhrum etmək üçün” mülki infrastrukturu hədəfə alır.

İşığın kəsilməsi Ukrayna qüvvələrinin Xarkov vilayətində əkshücuma keçərək onlarla şəhər və kəndə nəzarəti qaytardığı bir vaxtda baş verir.

Xarkovun meri İhor Terexov Rusiyanın şəhərdə ölkə üzrə ikinci böyük istilik elektrik stansiyasını vurduğunu bildirib.

Buna da bax: Zaporojye AES-in sonuncu işləyən bloku da dayandırılıb

Xarkov vilayətinin qubernatoru Oleq Sinequbov bir sıra yaşayış məntəqələrində işıq və suyun olmadığını, fövqəladə xidmətlərin vurulan ərazilərdəki yanğınları söndürməyə çalışdığını deyib.

Şərqi Sumı vilayətinin başçısı azı 135 şəhər və kənddə işıq və suyun kəsildiyini söyləyib.

Zelenski Moskvaya müraciətlə yazıb: “Hələ də bizi qorxuda, sındıra, güzəştlərə məcbur edəcəyini düşünürsən? Bizim üçün soyuq, aclıq, qaranlıq və susuzluq sizin ‘dostluq və qardaşlığınız’ qədər qorxulu və ölümcül deyil. Ancaq tarix hər şeyi yerinə qoyacaq. Bizim qazımız, işığımız, suyumuz və ərzağımız olacaq... SİZSİZ olacağıq!”

Buna da bax: Ramzan Kadırova bağlı 1300-ə qədər döyüşçünün Xersona göndərildiyi bildirilir

3 min kv. km-dən çox ərazi azad edilib

Britaniya Müdafiə Nazirliyinin sentyabrın 11-də İzyum və Kupyansk şəhərləri ətrafında döyüşlərin davam etdiyini bildirib. Ukrayna qüvvələrinin geri aldığı Kupyansk Ukraynanın şimal-şərqindəki Rusiya qüvvələrinin təchiz olunduğu yeganə dəmiryolu qovşağıdır.

Rusiya sentyabrın 10-da bildirib ki, İzyum və digər ərazilərdən qüvvələr Donetskdə möhkəmlənmək üçün geri çəkilib. Moskva ilin əvvəlində Kiyev ətrafından çəkilməsini də bu cür izah etmişdi.

Buna da bax: Ostin: ‘Xersonda, Xarkovda uğur görürük’

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujni sentyabrın 11-də deyib ki, ayın əvvəlində əkshücum başlanandan 3 min kvadrat kilometrdən çox ərazi azad edilib. O, Ukrayna qüvvələrinin Rusiya sərhədinin 50 km-də olduğunu açıqlayıb.

Bu arada Kreml Kiyevlə danışıqlara açıq olduğunu bildirib.

“Rusiya Ukrayna ilə danışıqlardan imtina etmir, ancaq proses uzandıqca razılaşma əldə etmək də çətinləşir”, – Xarici işlər naziri Sergey Lavrov sentyabrın 11-də dövlət televiziyasına deyib.

Buna da bax: Ukraynanın cənubdakı hücumu ‘mərhələli olacaq’

“Referendumlar” təxirə salınır?

Rusiyanın Ukraynada tutduğu ərazilərin Moskvaya ilhaqı üzrə “referendumları” təxirə salması xəbərləri də yayılır. Xəbəri “Meduza” xəbər saytı Kremlə yaxın, adını çəkmədiyi mənbələrə istinadla dərc edib.

Moskva “referendumlar” üçün dəqiq vaxt açıqlamamışdı. Amma hakim Vahid Rusiya partiyasının üzvü Andrey Turçak onların noyabrın 4-də, Rusiyada “Milli Birlik” günündə keçirilməsini təklif edib.

Moskva Ukraynanın Luqansk, Donetsk, Xarkov, Xerson və Zaporojye vilayətlərini Rusiyaya ilhaq etməyi planlaşdırır. Ancaq Ukraynanın şimal-şərq və cənub-şərq hissələrdə başlatdığı əkshücumlar nəticəsində Rusiya qüvvələrinin Xarkovdan əsasən çıxarıldığı, Donetsk və Xersonda əraziləri geri aldığı bildirilir.

Meduza mənbələrə istinadla yazır ki, Kreml Xarkov və Zaporojyedəki siyasi texnoloqlarını geri çağırıb.

Ukrayna və Qərb müttəfiqləri Rusiyanın tutduğu ərazilərdə heç bir “referendum”u tanımayacağını bildirib.