ABŞ, Britaniya və Kanada Ukraynaya ölkənin şərqindəki ərazilərin müdafiəsi üçün daha çox artilleriya silahları göndərəcəklərini bəyan ediblər.
Rusiya aprelin 18-dən 19-a keçən gecə Donbas ərazisində genişmiqyaslı hücum əməliyyatına başlayıb.
ABŞ prezidenti Co Bayden aprelin 19-da Britaniya və Kanadanın baş nazirləri Boris Conson və Castin Trüdo, habelə başqa Qərb liderləri ilə videogörüşündən sonra jurnalistlərə deyib ki, bu yaxınlarda Ukraynaya göndəriləcək növbəti silah-sursatın arasında ağır toplar olacaq.
Boris Conson da görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib:
"Bu artıq artilleriya münaqişəsinə çevriləcək, onların artilleriya dəstəyinə ehtiyacı olacaq və biz də başqa dəstək formaları ilə yanaşı bu artilleriyanı ukraynalılara verəcəyik”.
Trüdo da bəyan edib ki, Kanada Ukraynaya ağır toplar və başqa silahlar göndərəcək.
Buna da bax: Zelenski: ‘Donbas döyüşü’ başlanıbUkrayna üçün tanış silahlar
Pentaqonun sözçüsü Con Körbi deyib ki, Birləşmiş Ştatlar indi diqqətini Ukraynaya heç bir təlimə ehtiyacı olmayan və dərhal istifadə edilə bilən silahlar göndərməyə yönəldib.
Bu virtiual görüşdə iştirak edən Almaniya kansleri Olaf Şolts vəd edib ki, Berlin Almaniya hərbi sənayesinin istehsal etdiyi silahların Ukraynaya göndərilməsini maliyyələşdirəcək.
Onun sözlərinə görə, bu silahlar arasında əsas yeri antitank sistemləri, hava hücumundan müdafiə avadanlığı, sursat və artilleriya döyüşündə istifadə oluna bilən sistemlər tutacaq.
Şolts deyib ki, Şərqi Avropa ölkələrindən Ukraynaya silahların gətirilməsi kifayət qədər tez baş verə bilər, çünki Ukrayna qoşunları bu tip silahlardan istifadə ilə tanışdır.
Şolts bildirib ki, söhbət NATO üzvü olan ölkələrdə qalan sovet dövrü silahlarının göndərilməsindən gedir.
Razılaşmaya görə Qərb partnyorları sonradan bu ölkələrə həmin silahların Qərb silahları ilə əvəz edilməsinə kömək edəcəklər.
Şolts bildirib ki, indi söhbət silahların mümkün qədər tez çatdırılmasından gedir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Şoltsun tərəddüdü, kədəri və qəzəbi
Bununla belə kansler bildirib ki, Berlin silahların verilməsində tək yox, müttəfiqləri ilə birlikdə addım atacaq.
Şolts bir müddətdir ki, öz ölkəsində Ukraynaya ağır silahların göndərilməsində keçirdiyi tərəddüdə görə kəskin tənqid olunur.
Almaniya hökuməti bildirib ki, Berlin Kiyevin lazımi silahları müstəqil şəkildə ala bilməsi üçün Ukraynaya 1 milyard avroluq maliyyə dəstəyi verəcək.
Almaniya kansleri vurğulayıb ki, Rusiyanın Ukraynaya müdaxiləsi “beynəlxalq qanunun kobud şəkildə pozulması olaraq qalır”.
Şolts bildirib ki, minlərlə insanların öldürülməsi müharibə cinayətidir və bu cinayətə görə Rusiya prezidenti Vladimir Putin şəxsən məsuliyyət daşıyır:
"Biz qurbanlar üçün dərin hüznlə kədərlənir və Rusiya prezidentinin bu mənasız müharibəsindən qəzəblənirik”.