900 nəfər Azərbaycana təxliyə edilib

Sizin brauzer HTML5-i dəstəkləmir

Kiyev azərbaycanlısı: "Səfirlik bizimlə maraqlanmır, zirzəmidən çıxa bilmirik"

Azərbaycan Xarici İşlər Nazirliyi ( XİN) martın 4-də Ukraynaya Rusiyanın hücumundan sonra bu ölkədən təxliyə edilən vətəndaşları ilə bağlı açıqlama yayıb.

Məlumata görə, Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkədəki Azərbaycan vətəndaşlarının Moldova, Polşa, Slovakiya, Macarıstan və Rumıniya ərazisinə keçidi davam edir. Sözügedən dövlətlərlə əldə edilmiş razılıq əsasında Azərbaycan vətəndaşlarının tranzit keçidi üçün viza tələbi müvəqqəti qaldırılıb (yalnız səyahət sənədi təqdim edilir), COVID-19 pasportu və PCR testinin neqativ nəticəsi mütləq şəkildə tələb olunmur: "Ukraynada hərbi əməliyyatların başlanmasından quru yolla qonşu ölkələrdən Moldovaya 6 min 500 nəfər, Polşaya 770 nəfər, Rumıniyaya 318 nəfər, Slovakiya 60 nəfər, Macarıstana 48 nəfər vətəndaşımız daxil olub".

Nazirlik qeyd edir ki, Rumıniya ərazisindən həyata keçirilən beş çarter reysi ilə 900 nəfər, xüsusilə də qadınlar, uşaqlar, yaşlılar Azərbaycana təxliyə olunub.

Ukraynada nə qədər Azərbaycan vətəndaşının olduğu rəsmən açıqlanmayıb. Media orqanlarında bu rəqəm bir neçə yüz min göstərilib.

Xatırlatma

Bu il fevralın 24-də Rusiya Ukraynaya yeni hücuma başlayıb. Ondan üç gün əvvəl Rusiya Ukrayna ərazisində separatçı "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın müstəqilliyini tanımışdı. Altı il əvvəl isə Ukraynanın bir hissəsini –Krımı ilhaq etmişdi.