Ukrayna Baxmut şəhəri ətrafında döyüşlərdə kiçik, ancaq əhəmiyyətli qələbə qazandığını, Rusiya briqadasını böyük itkiyə məruz qoyduğunu bildirir.
Silahlı Qüvvələrin Baş Qərargahının mayın 11-də yaydığı məlumatda deyilir ki, Ukrayna müdafiəçiləri son 24 saat ərzində şərqi Donetsk bölgəsindəki Baxmut-Adviyivka-Maryinka cəbhə xəttində Rusiyanın 39 hücumunun qarşısını alıb.
Bu məlumatlar Rusiyanın özəl “Vaqner” muzdlu qrupunun rəhbəri Yevgeni Priqojinin son günlərdə verdiyi açıqlamaları təsdiqləyir. O, aylardır davam edən və hər iki tərəfdən çoxlu itkilərə səbəb olan döyüşlərdə cəbhə xəttinin bir neçə kilometrinin itirildiyini deyib. Bunun Rusiya qüvvələrinin bölgədəki şiddətli döyüşlərdən qaçması nəticəsində baş verdiyini bildirib.
Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski bildirib ki, Rusiya qoşunları Baxmutun bəzi hissələrində iki kilometrə qədər geri çəkilib, Vaqner isə 500-ə yaxın itki verib.
O, əlavə edib ki, Ukraynanın Baxmutda effektiv müdafiə əməliyyatları “Vaqner” muzdlu qoşunlarını darmadağın edib. Onları daha az təlim keçmiş qoşunlar əvəzləyib, onlar da uduzaraq ərazini tərk etməli olublar.
Buna da bax: Ukraynanın əkshücumundan gözləntilər. ‘Miladadək çəkə bilər’“500 rusiyalının cəsədini qoyub getdiyi doğrudur”
"Reuters" Ukrayna Üçüncü Əlahiddə Hücum Briqadasının bəyanatından sitat gətirib: "Bu, artıq rəsmidir. Priqojinin verdiyi məlumat, yəni Rusiyanın 72-ci Müstəqil Motoatıcı Briqadasının Baxmut yaxınlığından qaçdığı və "500 rusiyalının cəsədini" qoyub getdiyi doğrudur".
Rusiya daha əvvəl dağılmış şəhərdə irəlilədiyini iddia etmişdi.
Nə Ukraynanın, nə də Rusiyanın iddialarını müstəqil şəkildə yoxlamaq mümkün olmayıb.
Son həftələrdə Rusiyanın sərhəd bölgələrindəki mövqelərə dron hücumları nəzərəçarpacaq dərəcədə artıb. Hücumların arxasında Ukraynanın olduğu güman edilir.
Mayın 10-u axşam saatlarında, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatı “çox çətin” gedir, lakin müəyyən məqsədlərə çatılıb. Peskov Bosniya Serb televiziyasına müsahibəsində Baxmutun "ələ keçiriləcəyinə və nəzarət altında saxlanacağına" əminliyini bildirib.
Buna da bax: Putinin paradına gedən Orta Asiya liderləri nələri gözə alıb“Bir an belə yaddan çıxarmırıq ki...”
Ukrayna Prezidenti Volodimir Zelenski mayın 10-da növbəti videomüraciətində ölkə tamamilə azad olunana qədər döyüşü dayanmayacağına söz verib. Zelenski videomüraciətdə deyib: “Biz bir an belə yaddan çıxarmırıq ki, işğalçının torpağımızda olduğu hər gün onun uğur qazanacağını düşünmək üçün bir fürsətdir. O, heç nəyə nail ola bilməyəcək! Ukraynanı azadlığa, təhlükəsizliyə və yenidən Avropaya qaytarmalıyıq. Bunu edəcəyik! Torpaqlarımızın bircə hissəsini belə düşmənə verməyəcəyik!”
Zelenski Ukraynanın Qərbdən daha çox silah, hava hücumundan müdafiə sistemləri və sursat tədarükü gözlədiyini sözlərinə əlavə edib.
Ukrayna ordusu həmçinin Donetsk vilayətinin Kostyantinivka şəhərinin gecə saatlarında SS-300 qanadlı raketi ilə vurulduğunu açıqlayıb. Dəyən ziyanın həcmi bəlli deyil.