Artıq altı həftədir ki, Ukrayna ordusu əkshücuma başlayıb. Ukraynanın hərbi və siyasi rəhbərliyi bu əkshücumun müharibənin gedişatını dəyişəcəyinə ümid edir.
Bugünə əldə olunan nəticələr bunlardır: Zaporojye bölgəsində, Orixivin cənubunda 1500 metrlik ərazi; Hulyaypoledən cənubda bundan bir qədər az ərazi yenidən nəzarətə götürülüb. Donetskdə Velyka Novosilka şəhərinin cənubunda irəliləyiş daha böyükdür. Ukrayna ordusu iyunun 5-dən öncəki mövqelərdən 8-9 kilometr irəliləyə bilib. Ölkənin şimal-şərqində isə Ukrayna ordusu Baxmutun şimal və cənubunda bir neçə yüz metrlik ərazini geri alıb.
"Sürət istədiyimiz kimi deyil”, – ABŞ Birləşmiş Qərargahının əməliyyatlar üzrə direktoru general-leytenant Duqlas Sims (Douglas Sims) ötən həftə deyib.
"Çox da sürətli deyil, ancaq plandan katastrofik dərəcədə geri də qalmırlar”, – bunu isə Britaniyanın Müdafiə naziri Ben Uolles (Ben Wallace) iyulun 12-də NATO-nun Vilnüs sammitində bildirib.
“Hazırda döyüş öncəki fazadakından çox fərqlidir”
Aylarla davam edən hazırlıq və təchizatdan, yeni yaradılmış, NATO təlimi görmüş doqquz zirehli briqadanın döyüşə başlamasından sonra belə Ukraynanın əkshücumu yavaş gedir. Azad edilən torpaqların sahəsi çox deyil. Qərbin verdiyi avadanlıq, maşın və silahlar artıq təzəliyini itirib. Ukraynanın cənub və şərqində Rusiyanın müdafiəsi hələ çox güclüdür.
"Rusiyalıların tikdiyi bütün müdafiə istehkamlarını nəzərə alsaq, əkshücumun yavaş gedəcəyi öncədən bəlli idi. Buna pis və ya yaxşı demək olmaz. Bu sadəcə onların üzləşdiyi vəziyyətə xas bir şeydir”, – Britaniyanın Kral Birləşmiş Xidmətlər İnstitutunun (Royal United Services Institute) tədqiqatçısı Nik Reynolds deyir.
"Məsələyə Ukrayna tərəfindən baxsaq, əlbəttə, onlar hücumun bir gündə başa çatmasını istərdilər. Ancaq bu realistik deyil. Rusiyalıların qazıb müdafiə strukturları qurmaq üçün çoxlu vaxtı olub. Hazırda döyüş öncəki fazadakından çox fərqlidir”, – Niderland hava qüvvələrinin istefada olan generalı Dick Berlijn söyləyir. Berlijn 2004-2008-ci illərdə Niderlandın müdafiə rəisi olub.
Kiyevin zəfəri
Ukrayna ilk dəfə öz gücünü 2022-ci ilin fevralından sonra, Rusiyanın paytaxt Kiyevə ilk hücumunu dəf edərkən nümayiş etdirib. O zaman Rusiya şimaldan çəkilərək qoşunlarını şərqə yerləşdirməyə məcbur oldu.
Kiyev sonuncu dəfə böyük döyüş qələbələrini payızda əldə edib, geniş əraziləri azad edib.
Ukrayna ordusu şimal-şərqdə Xarkovda Rusiya qoşunlarını qəfil məğlubiyyətə düçar edib, Donetsk bölgəsində Lıman şəhərini tutub, cənubda isə Xerson bölgəsində Dneprin qərb sahilində Rusiya desantlarını riskə məruz qoyaraq çayın şərq sahilinə çəkilməyə məcbur ediblər.
Qış ərzində hər iki tərəf möhkəmlənməyə çalışıb. Rusiya Donetsk və Luhansk bölgələrində hücumlar təşkil edib, Rusiyanı dəniz piyadaları birlikləri isə fevralda Vuhledar yaxınlığında dəhşətli itkilərə məruz qalıblar.
Mayda Rusiya ordusu və Vaqner qrupunun döyüşçüləri yeddi aylıq şəhər döyüşlərindən sonra Baxmutu ələ keçirə biliblər.
Buna da bax: FT: Səudiyyə və Türkiyə Rusiyadakı Ukrayna uşaqlarını Kiyevə qaytarmaq istəyirlər“Rusiyalılara möhkəmlənmək imkanı verilib”
Bu müddət ərzində Ukrayna Qərbdən milyardlarla dollarlıq tank, zirehli maşın, artilleriya, raket və mərmi alıb. Ukrayna hərbçiləri ABŞ və NATO təlimçilərinin köməyilə yeni döyüş taktikaları öyrənərək köhnə sovet doktrinasından uzaqlaşmağa çalışıblar. Ukrayna ordusunun yüksək rütbəli zabitlərinin çoxu peşəkar hərbi təlimlərini sovet doktrinası çərçivəsində alıb.
Oturuşmuş hərbi doktrinaya görə müdafiə mövqeyində olan istənilən ordu hücum edən ordudan daha əlverişli durumdadır. Yaxşı möhkəmləndirilmiş müdafiə xətlərini yarmaq istənilən ordu üçün ən ağır vəzifələrdən biri sayılır. Bunun üçün xüsusi körpü avadanlığı, minatəmizləyən maşınlar, mühəndis və mina mütəxəssisləri tələb olunur.
Britaniyanın müdafiə naziri deyir ki, bu baxımdan Ukraynanın resursları çox deyil.
"Rusiyanın döyüş mühəndisləri çox, çox bacarıqlıdırlar. Onların doktrinasında 1970-ci və 80-ci illərdə SSRİ-ni öyrənən adam üçün xüsusi, yeni bir şey yoxdur. Rusiyalılara möhkəmlənmək imkanı verilib, onlar da bundan istifadə ediblər”, – Ukraynaya tədqiqat səfərindən yenicə qayıdan Reynolds deyir.