Ukrayna prezidenti Volodimir Zelenski noyabrın 9-da imzaladığı qanunlarla hərbi vəziyyəti və ümumi səfərbərliyi 90 günlüyə uzadıb. Bu arada Rusiya Ukraynada mülki hədəflərə raket zərbələri endirib.
Ali Radanın noyabrın 8-də qəbul etdiyi qanunlara görə, hərbi vəziyyət və ümumi səfərbərlik 2024-cü il fevralın 14-dək uzadılır.
Ukraynada hərbi vəziyyət 2022-ci il fevralın 24-də Rusiya tammiqyaslı işğala başlayanda tətbiq edilib. Ümumi səfərbərlik də həmin vaxt elan olunub. Müharibə başlayandan Ukrayna parlamentdə doqquzuncu dəfədir səsvermə keçirərək müddəti uzadır.
Dinc sakinlər öldürülür
Ukrayna ordusunun Baş Qərargahı isə mülki hədəflərə iki raket zərbəsinin endirildiyini bildirib. Dnepropetrovsk, Kirovoqrad, Xerson və Nikolayev vilayətlərində hava həyəcanları verilib.
Dnepropetrovsk vilayətinin qubernatoru isə ayrıca bir Rusiya raketinin vurulduğunu bildirib. Bundan bir gün öncə Rusiyanın Ukraynanın şərqini və cənub-şərqini atəşə tutması nəticəsində azı beş dinc sakin öldürülüb.
Baş Qərargah noyabrın 9-da cəbhədə döyüşlərin, Ukraynanın döyüş mövqelərinə və əhali yaşayan ərazilərə yaylım atəşi sistemlərindən hücumların davam etdiyini bildirib.
İddiaları təsdiqlətmək mümkün olmayıb.
"Ukrayna bu tələyə düşməməlidir və düşməyəcək"
Diplomatik cəbhəyə gəlincə, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Rusiya ilə danışıqlara başlamaq çağırışlarını yenidən rədd edib. Kuleba deyib ki, bundan öncəki cəhdlər faydasız olub, "Ukrayna bu tələyə düşməməlidir və düşməyəcək".
"Ukrayna 2014-2022-ci illərdə Rusiya ilə 200 raundadək danışıq aparıb. Bu müddətdə 20 atəşkəs razılaşması əldə olunub, amma az müddət keçmiş Rusiya tərəfindən pozulub", – Kuleba X platformasında yazıb.
Kuleba "yaddaşı zəif olanlar"a müraciət edərək deyib ki, nə bu danışıqlar, nə də razılaşmalar Rusiyanın Ukraynaya qarşı tammiqyaslı işğalının qarşısını ala bilib.