Rusiya gələn ilin yanvarında və ya fevralın əvvəlində Ukraynaya qarşı aktiv hərbi əməliyyatlara başlaya bilər.
Ukraynanın Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov “Military Times” qəzetinə müsahibəsində belə deyib.
Budanovun sözlərinə görə, hazırda Rusiya Ukrayna ilə sərhəd yaxınlığında 92 mindən çox hərbçi cəmləyib.
Qışın gəlişinin və soyuq hava şəraitinin işğal risklərini yalnız artırdığını deyən K. Budanovun sözlərinə görə, mümkün şiddətli şaxtalar nə Rusiya, nə də Ukrayna hərbçiləri üçün problem deyil.
Ukrayna kəşfiyyatı rəhbərinin fikrincə, Rusiya qoşunlarının hərəkətləri Rusiyanın Krımı ilhaq etdiyi 2014-cü ildəkindən daha iddialı ola bilər.
Budanova görə, hücum Odessa və Mariupola hava zərbələri endirmək, desant əməliyyatları başlamaqla müşayiət oluna bilər. Kəşfiyyat rəhbərinin fikirincə, hücum zamanı Belarus ərazisindən zirehli texnikalar da cəlb oluna bilər.
Ukraynanın cənubu və şərqi, bir sıra rusiyalı siyasətçilərin, o cümlədən Vladimir Putinin “Novorossiya” adlandırdığı bölgələr hələ də mümkün hücum hədəfləri kimi müəyyən edilir. Yelnyada rus hərbi texnikası yerləşdirilib.
Budanovun sözlərinə görə, Rusiya işğala başlamazdan əvvəl Ukraynanın döyüş qabiliyyətini sarsıtmaq üçün “psixoloji əməliyyatlar” keçirəcək.
Bundan əvvəl Amerika mediası da kəşfiyyata və administrasiyadakı mənbələrə istinadən Rusiyanın Ukraynaya mümkün hücumu hazırlığı barədə məlumat yayıb. Eyni zamanda, Kremlin hələlik yekun qərar vermədiyi qeyd edilib. Ötən gün New York Times qəzetinin yazdığı kimi, Amerika və Britaniya kəşfiyyat xidmətləri getdikcə daha çox əmindirlər ki, Vladimir Putin ya Ukrayna ərazisinin böyük hissəsini ələ keçirmək, ya da sabitliyi pozmaq üçün hərbi əməliyyat keçirmək variantını nəzərdən keçirir.
Qəzet yazır ki, Avropanın Rusiya təbii qaz tədarükündən daha çox asılılığı Moskvanı ruhlandıra bilər ki, avropalılar Rusiyanın Ukraynaya qarşı potensial hərbi əməliyyatına cavab olaraq kəskin tədbirlər görməkdən çəkinəcəklər.
Rəsmi Vaşinqton və onun Aİ tərəfdaşları Rusiyanın Ukrayna sərhədinin perimetri boyunca qüvvələr toplamasından narahat olduqlarını bildiriblər. Bildirilib ki, bir sıra NATO ölkələri, xüsusən də Böyük Britaniya Rusiyanı cilovlamaq üçün Ukraynaya öz ordusunu göndərmək niyyətindədir.
Rəsmi Kiyev əvvəllər işğal təhlükəsinin əhəmiyyətli dərəcədə artdığını inkar etsə də, sonradan Ukrayna nümayəndələri də Moskvanın mümkün hərəkətləri ilə bağlı narahatlıqlarını ifadə etməyə başlayıblar.
Kreml Qərb ölkələrini, xüsusən də Qara dənizdə gərginliyi artırmaqda ittiham etməklə yanaşı, Ukraynaya müdaxiləyə hər hansı hazırlığı inkar edir. Putin bu həftə Xarici İşlər Nazirliyinin kollegiya iclasında çıxış edərək bildirib ki, Rusiya öz təhlükəsizliyinə Qərbdən zəmanət almalıdır.