Rusiyanın Belqorod vilayətinin qubernatoru deyir ki, Krasnoyaruq rayonunun mülki əhalisi tamamilə köçürülüb. Bu, Ukrayna qüvvələrinin qonşu Kursk vilayətində hücumu davam etdirdiyi bir vaxtda baş verir.
"Azı 11 min nəfər çıxarılıb. Hazırda minədək insan müvəqqəti sığınacaqda qalır", – qubernatoru Vyaçeslav Qladkov avqustun 13-də səhər Telegram-da yazıb.
Rayonun müharibədən öncəki əhalisi 14 min nəfər idi.
Ukrayna əsgərlərinin çəkdiyi video
Qubernator avqustun 12-də bu rayonun evakuasiya olunduğu bildirib, əraziyə giriş-çıxış bağlanıb. Rayon başçısı Andrey Miksov deyib ki, ərazidə qalan 500 nəfər, əsasən, rəsmilər, fövqəladə xidmət işçiləri, mütəxəssislərdir.
Krasnoyaruq qərbdə Ukrayna, şimalda Kursk vilayətinin Belov rayonu ilə həmsərhəddir.
Ukrayna qüvvələrinin avqustun 12-də yaydığı videonun Kurskun Suca şəhərinin mərkəzinə yaxın çəkildiyi qeydə alınıb. Videonun dəqiq tarixi bəlli olmasa da, Ukrayna əsgərləri orada deyirlər ki, Rusiya qüvvələrinə rast gəlməyiblər.
Rusiya hərbi bloqerləri xəbər verirlər ki, Suca Ukraynanın nəzarəti altındadır. Sərhəddən 10 km məsafədə yerləşən bu şəhərdə müharibədən öncə azı 5 min nəfər yaşayırdı.
2 min 100 hücum
Ukrayna qüvvələri avqustun 6-da Kurska qəfil müdaxilə edib, min kvadrat kilometrə yaxın ərazini, xeyli sayda yaşayış məntəqəsini tutub.
Ukrayna prezidenti Volodimir Zelenski avqustun 12-də bəyanatında bildirib ki, Moskva iyulun 1-dən bəri bu sərhəd vilayətindən Ukraynanın Sumı vilayətinə 2 min 100 hücum gerçəkləşdirib.
Kursk vilayətinin qubernatoru Aleksey Smirnov avqustun 12-də prezident Vladimir Putinə 28 məntəqənin düşmən nəzarəti altında olduğunu məruzə edib.
"Kursk vilayəti ərazisinə müdaxilənin dərinliyi 12 kilometr, cəbhənin eni 40 kilometrdir", – o deyib.
Döyüş iddialarını dəqiqləşdirmək mümkün deyil, ancaq bəzi məlumatlarda Ukrayna qüvvələrinin daha dərinə müdaxilə etdiyi bildirilir.