Ukrayna silahlı qüvvələrinin baş komandanı Aleksandr Sırski bəyan edib ki, onun döyüşçüləri Rusiyanın Kursk vilayətindəki 1150 kvadrat kilometrlik sahədə 82 yaşayış məntəqəsinə nəzarət edirlər.
Rusiya hələ ki, bu informasiyanı şərh etməyib.
Sırski bunu da bildirib ki, Ukrayna ordusu 35 kilometrlik məsafədə Rusiya ərazisinin içərilərinə doğru irəliləyib.
Baş komandanın sözlərinə görə Ukrayna ordusunun nəzarətində olan ərazidə hərbi komendatura yaradılıb. Komendaturaya general-mayor Eduard Moskalyov başçılıq edir.
Məlumatda deyilir ki, komendatura yerli əhalinin ehtiyacları ilə məşğul olacaq, habelə asayişi qoruyacaq.
Rusiyanın bir sıra media resursları Sırskinin bəyanatına şübhə ilə yanaşırlar. Meduza bildirir ki, Ukrayna ordusu Kurskda 500-700 kvadrat kilometrlik ərazidə 45-50 yaşayış məntəqəsinə nəzarət edir.
Rusiya Müdafiə Nazirliyi avqustun 15-də məlumat verib ki, Rusiya ordusu Ukrayna silahlı qüvvələrinin “müdaxilə cəhdlərini dəf etməyə çalışır”.
Nazirlik bildirir ki, Ukraynanın Sumı vilayətində Ukrayna silahlı qüvvələrinin ehtiyatlarına, sursat anbarlarına zərbələr endirilib.
Buna da bax: Rusiya hərbçiləri Kurskda səngər qazırlarKiyev rusiyalılara Ukraynaya təxliyə olunmağı təklif edir
Bundan əvvəl Ukraynanın reinteqrasiya naziri İrina Vereşşuk Kursk vilayətinin sakinlərinə Ukrayna ərazisinə evakuasiya olunmalarını təklif etdmişdi.
Nazir bildirmişdi ki, bu məqsədlə xüsusi “qaynar xətt” yaradılıb:
"Ukrayna beynəlxalq humanitar qanunun normalarına əməl edir. Biz Kursk vilayətinin dinc sakinlərini zəruri müdafiə və humanitar dəstəklə təmin edəcəyik”.
Bu arada Ukrayna prezidenti administrasiyanın müşaviri Mixaylo Podolyak bildirib ki, Ukrayna Rusiya ərazilərinin işğalında maraqlı deyil:
"Ukrayna çox sayda Rusiya hərbi obyektinin məhvində, Rusiya qoşunlarının Ukrayna ərazisinə artilleriya və ballistik raketlərlə zərbə endirilməsinə imkan verən xətdən geri oturdulmasında maraqlıdır”.
Buna da bax: Apti Alaudinov Kurskda beş 'Axmat' döyüşçüsünün əsir düşdüyünü etiraf etdi
Rusiyalıların evakuasiyası davam edir
Kursk vilayətindəki Qluşkovo qəsəbəsi sakinlərinin evakuasiyasına dair qərardan sonra, regionda qubernatorun səlahiyyətlərini icra edən Aleksey Smirnov deyib ki, məcburi təxliyə bütün Qluşkovo rayonunu əhatə edəcək.
Rusiyanın “hərbi müxbirləri” iddia edirlər ki, bu qərar Ukrayna silahlı qüvvələrinin infrastruktur obyektlərini, xüsusilə də Qluşkovoda Seym çayı üzərindəki körpünü atəşə tutması ilə bağlı verilib.
Müxbirlərin fikrincə Ukrayna hərbçiləri bununla Rusiya ordusunun logistika və təchizat yollarını kəsməyə çalışırlar.
Lakin Ukrayna hərbi komandanlığı bildirir ki, dinc əhalinin həm Rusiyaya, həm də Ukraynaya evakuasiya yollarını açır.
Ötən gün ərzində Ukrayna ordusu Kursk vilayətində cəbhə xəttinin genişləndirilməsini davam etdirib. Bu məlumatı Rusiya hərbi blogerləri də təsdiq edirlər.
Xəbər verilir ki, Ukrayna ordusunun birləşmələri Korenovsk rayonunun Vnezapnoye kəndinə daxil olublar.
Ukrayna ordusu Rusiyanın Kursk vilayətinə müdaxiləyə avqustun 6-da başlayıb. Həmin vaxtdan bəri ərazidə döyüşlərin getdiyi xəbər verilir. Kursk vilayətində fövqəladə vəziyyət elan edilib. Bu vilayətdə indiyədək 120 mindən çox sakin təxliyə olunub. 2000-dən çox sakinlə əlaqə yaratmaq mümkün deyil.
Ukrayna ilə həmsərhəd Belqorod vilayətində də evakuasiya işləri görülür.
Buna da bax: Rusiya prokurorları Çexoslovakiya legionundan bəhs edən video oyunun qadağanını tələb ediblərMoskva əsir mübadiləsi istəyir?
Bu arada Britaniyada çıxan Financial Times qəzeti məlumat verir ki, Moskva Kursk vilayətində Ukrayna ordusu tərəfindən əsir götürülmüş hərbi qulluqçularla bağlı danışıqlar aparır.
Ukrayna Verxovna Radasının insan haqları üzrə müvəkkili Dmitri Lyubinets avqustun 14-də bildirib ki, Rusiya ombudsmanı Tatyana Moskalkova əsir mübadiləsini müzakirə etmək üçün ona zəng edib.
Lyubinetsin sözlərinə görə bu danışıqlarda irəliləyiş əldə etmək mümkün ola bilər.
Moskalkovanın ofisi bu xəbəri şərh etməyib.
Ukrayna tərəfinə əsir düşmüş Rusiya hərbçilərinin sayı dəqiq məlum deyil. Ukrayna tərəfi əsir sayının yüzlərlə olduğunu bildirir. Kiyev bildirir ki, Kursk vilayətində Rusiya 488-ci qvardiya motoatıcı alayının və “Axmat” çeçen hərbi birləşməsinin 100-dən çox əsgəri əsir düşüb.
İnternetdə çox sayda hərbi əsiri beton bunkerdə görüntüləyən fotolar yayılıb. Onların nə vaxt və harada çəkildiyi bilinmir.