Ukrayna qoşunları Melitopola, Rusiya qoşunları da Xarkova yaxınlaşmağa çalışır. Ukrayna Daxili İşlər nazirinin müşaviri Vadim Denisenko Ukrayna televiziyasına müsahibəsində “Xarkovdan şimalda vəziyyət yenə də kifayət qədər mürəkkəbdir” deyib.
Onun sözlərinə görə, Rusiya qoşunları yenidən Xarkova yaxınlaşmağa, “onu cəbhə bölgəsinə çevirməyə” çalışırlar.
Melitopol şəhərinin meri İvan Fedorov isə iyunun 19-da verdiyi açıqlamasında Ukrayna Silahlı Qüvvələrinin artıq Zaporojyedən Melitopol istiqamətində 10 kilometrdən çox irəlilədiyini deyib.
O, yaxın həftələrdə Xerson şəhərinin də Ukrayna ordusu tərəfindən azad oluna biləcəyinə ümid etdiyini bildirib.
Rusiya ordusu Severodonetskin çox hissəsinə nəzarət etsə də şəhəri tam ələ keçirə bilməyib. Bunu Luqansk Ordu Vilayət Administrasiyasının rəhbəri Sergey Qayday deyib.
"Demək olar döyüşlər Rusiyanın ssenarisi üzrə getmir. Onlar daha çox ehtiyyat toplayıb döyüşə atmağa, kütləvi atəşə tutmağa çalışdılar. Onlar nə qədər uduzurlarsa, nə qədər hərbi hissələr döyüşdən çıxarılırsa,onları birtəhər qaydaya salıb, ölən çoxlu sayda rus döyüşçüsünü kompensasiya etməklə cəbhəyə atsalar da yenə də nə Luqanskda, nə də Donetsk vilayətində planlaşdırdıqları kimi irəliləyə bilmirlər”, - Sergey Qaydai deyib.
Qaydayın sözlərinə görə, Rusiyanın Severodonetsk şəhərini tam nəzarətə götürmələri ilə bağlı dedikləri tam yalandır, doğrudur onlar şəhərin çox hisəsinə nəzarət edirlər, amma bütün şəhər onların nəzarətində deyil.
"İndi onlar heç tarix barədə də danışmırlar. Sadəcə deyirlər ki, Severodonetskini tam tutmaq və "Lisiçans-Baxmut" yolunu tutmaq üçün tapşırıq var. Bu baxımdan da onlar ancaq atəş açır, amma nəzarət etmir"-deyə Qayday bildirib.
Hələ iyunun 16-da Rusiyanın dövlət xəbər agentliyi RİA Novosti Severodonetsk şəhərinin girişində Rusiya bayrağının sancıldığını bildirib.
Buna da bax: Ukrayna ona qələbə üçün lazım olan silahın sayını dediRusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.
Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.