Ukraynanın İnfrastruktur naziri Oleksandr Kubrakov deyir ki, ölkədən ilk taxıl partiyasının bu həftə göndəriləcəyinə ümid edir. Ötən həftə BMT və Türkiyənin vasitəçiliyi ilə Ukraynadan taxıl ixracının bərpası üzrə saziş imzalanıb.
İyulun 25-də mətbuat konfransında danışan Kubrakov deyib ki, sazişdə Ukraynadan göndəriləcək taxılın həcminə limit nəzərdə tutulmayıb.
“Sazişin bir neçə günə işə düşəcəyini gözləyirik... Hər şeyin bu həftə başlanacağına hazırlaşırıq”, – ötən həftə İstanbulda danışıqlarda Ukrayna nümayəndə heyətinə başçılıq etmiş Kubrakov vurğulayıb.
Nazir müavini Yuri Vasyukov isə əlavə edib ki, Çornomorskdan sonra Odessa və Pivdenidən yük yola salınacaq.
Kiyev bildirib ki, saziş çərçivəsində ötən il və bu ilin məhsulundan 20 milyon tona yaxın taxıl ixrac oluna bilər. Ukraynanın ixracdan 10 milyard dollar gəlir əldə edəcəyi gözlənir.
Buna da bax: Hərbi təhlilçi: Rusiyanın işğalı ‘üzücü müharibə’yə çevrilibBuğda kəskin bahalanıb
İyulun 25-də dünyada buğdanın qiyməti kəskin qalxıb. Bundan öncə Rusiya həftəsonu Ukraynada Odessa limanına raket zərbəsi endirib, Kremlsə yalnız konkret hərbi obyektləri vurduğunu, bunun taxıl ixracına təsir göstərməyəcəyini deyib.
Kremlin sözçüsü Dmitri Peskov iyulun 25-də deyib ki, Odessada nasos stansiyası yaxınlığına düşmüş iki Kalibr raketi yalnız hərbi infrastrukturu hədəfə alıb. O, zərbənin iyulun 22-də İstanbulda imzalanmış, taxıl ixracı razılaşması ilə bağlı olmadığını sözlərinə əlavə edib. Sazişi Rusiya, Ukrayna, BMT və Türkiyə imzalayıb.
Bununla belə iyulun 25-də buğda fyuçerslərinin qiyməti buşelə görə 4 faizədək yüksələrək $7.86 olub.
Sizin brauzer HTML5-i dəstəkləmir
Ukrayna dünyada buğda, qarğıdalı və günəbaxan yağının ən böyük ixracatçısıdır. Müharibə başlayandan limanların bağlanması daşımalara təsir göstərib.
Ukrayna qüvvələrinin iyulun 25-də HIMARS raket sistemləri ilə Rusiyanın 50 sursat anbarını dağıtdığı bildirilir. Məlumatı Müdafiə naziri Oleksey Reznikov verib. Ancaq deyiləni müstəqil təsdiqlətmək mümkün olmayıb.
Rusiyanın Müdafiə Nazirliyi isə öz növbəsində Ukraynanın Xmelnitski vilayətindəki Bohdanovtsidə HIMARS sistemlərinin sursat anbarını dağıtdığını bildirib.
Rusiya daha öncə də Qərbin Ukraynaya verdiyi bir neçə HIMARS sistemini məhv etdiyini deyib, ancaq Kiyev iddiaları rədd edib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Ukrayna müharibədə 18 tibb işçisinin öldürüldüyünü deyir
Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başlayandan azı 18 tibb işçisi öldürülüb, 900-dək tibb ocağı ya dağıdılıb, ya da ziyan görüb. Məlumatı Ukraynanın Səhiyyə Nazirliyi iyulun 24-də yayıb.
Nazirlik Rusiyanın hücumları nəticəsində 50-dən çox tibb işçisinin xəsarət aldığını da qeyd edib.
Dağıdılan tibb ocaqlarının sayı 123-dür, daha 746-nın təmirə ehtiyacı var, qurum bildirir.
Rusiya isə müharibədə dinc sakinləri, tibb işçilərini bilərəkdən hədəfə almadığını deyir.
Kiyevin mövqeyinə görə, Kreml Ukraynanı alçaldıcı sülh sazişinə məcbur etmək üçün “terrorçuluğ”a əl atır.
Buna da bax: Sibirdə müəllim emojiyə görə cərimələndi"Nəticəsiz döyüşlər"
Rusiyanın Ukraynanın işğal etməsinin altıncı ayı başlanıb. Ölkədə döyüşlər davam edir, Rusiya qüvvələri şimaldan, cənubda, şərqdə çoxsaylı məkanları davamlı atəşə tutur. Bu arada Rusiya ordusunda heyətin azalması, döyüşdə dağılmış yüzlərlə avadanlıq hissələrinin əvəzlənməsində çətinliklər haqda məlumatlar gəlir.
Britaniyanın Müdafiə Nazirliyi iyulun 25-də gündəlik kəşfiyyat bülletenində bildirir ki, Ukraynanın şərqində və müharibənin əvvəlində rusiyalıların nəzarətinə keçmiş Xerson vilayətində “nəticəsiz” döyüşlər gedir.
Nazirlik bildirir ki, Britaniya kəşfiyyatı iyulun 18-də Rusiyanın Belqorod vilayətində Barvinok yaxınlığında hərbi maşınların yenidən təchiz və təmir olunduğu obyekt aşkarlayıb. Obyekt Ukrayna sərhədinin 10 kilometrliyində yerləşir.
“Orada azı 300 zədələnmiş maşın, o cümlədən əsas döyüş tankları, zirehli avtomobillər vardı”, - məlumatda vurğulanır.
Buna da bax: Rusiya Ukraynanın bir neçə şəhərini raket atəşinə tutub, həlak olanlar varRusiya elektrik stansiyasını ələ keçirməyə çalışır
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya əsgərləri iyulun 24-də Donetsk vilayətindən 50 km şimal-şərqdə yerləşən Vuhlehirsk elektrik stansiyasını ələ keçirmək cəhdlərini davam etdiriblər. Bu stansiya Ukraynanın ikinci böyük və strateji infrastruktur obyektidir.
Baş qərargah Rusiya qüvvələrinin geri oturdulduğunu bildirir.
Ukrayna döyüş təyyarəsinin isə Rusiyanın üç mövqeyinə raket zərbəsi endirdiyi, avadanlığın dağıdıldığı, əsgərlərin öldürüldüyü bildirilir. Məlumat Ukrayna ordu rəsmisi verib, ancaq deyilənləri müstəqil təsdiqlətmək mümkün olmayıb.
Prezident Volodimir Zelenski iyulun 24-də gecə çıxışında deyib ki, qüvvələri işğal altında olan cənubi Xerson vilayətində “addım-addım” irəliləyir.
“Hətta işğalçılar belə qalib gələcəyimizi etiraf edirlər. Bunu onların söhbətlərində daim eşidirik. Onlar qohumlarına zəng edəndə belə deyirlər”, – Zelenski söyləyib.
1300-dən çox cinayət işi
Rusiya İstintaq Komitəsinin başçısı isə bildirib ki, Ukrayna silahlı qüvvələrinin 92 üzvünə bəşəriyyətə qarşı cinayətlər ittihamı irəli sürülüb.
Aleksandr Bastrıkinin “Rossiiskaya Gazeta”ya dediyinə görə, 1300-dən çox cinayət işi başlanıb. O, 96 nəfərin, o cümlədən, 51 komandirin axtarıldığını sözlərinə əlavə edib. O, həmin ukraynalıların “sülhə və bəşəriyyətin təhlükəsizliyinə qarşı cinayətlərdə” əli olduğunu iddia edib.
Bastrıkinnin dediklərini müstəqil təsdiqlətmək mümkün olmayıb, Ukrayna da bunu şərh etməyib.
Kiyev də öz təhqiqatlarını aparır. Ukrayna hakimiyyəti ayın əvvəlində deyirdi ki, fevralın 24-də işğal başlayandan Rusiya qüvvələrinin törətdiyi bildirilən 21 mindən çox hərbi və təcavüz cinayəti araşdırılır.
Beynəlxalq Cinayət Məhkəməsi “cinayət səhnəsi” adlandırdığı Ukraynaya təhqiqatçılar və ekspertiza ekspertlərindən ibarət komanda göndərib.
Kreml hərbi cinayətlər törətmədiyini, dinc sakinləri hədəfə almadığını bildirir.
Buna da bax: Pentaqon rəsmisi: Rusiya Ukraynada hər gün yüzlərlə əsgər itirirLavrov Afrikaya gedib
Bu arada Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Afrikaya səfəri başlanıb. Məqsəd ölkələri Qara dəniz vasitəsilə Ukrayna taxılının ixracına dair beynəlxalq razılaşmanı icra olunacağına inandırmaqdır.
Lavrov Misir liderlərinə deyib ki, Moskva “Rusiya taxıl ixracatçılarının bütün öhdəliklərinə əməl edəcəyini bir daha təsdiqləyir”.
Türkiyə və BMT-nin vasitəçiliyi ilə əldə olunmuş sazişə görə, Qara dəniz limanlarından Ukraynanın taxıl ixracı müharibədən öncəki ayda 5 milyon ton səviyyəsinə çatdırılacaq.
İşğal başlayandan sonra limanların bloklanması nəticəsində yaranmış taxıl böhranı dünyada ərzaq bahalanması yaradıb, yoxsul ölkələrdə milyonlarla insan aclıq, sosial iğtişaşlar riskiylə üzləşib.