Ukrayna ordusuna xidmət edən 1300 'Starlink' terminalı maliyyə səbəbindən bağlanıb

Starlink

Sentyabrda Pentaqona müraciət edərək bu işin maliyyələşməsini öz üzərinə götürməsini istəyən İlon Mask oktyabrın 15-də bəyan edib ki, maliyyə itkilərinə baxmayaraq, Ukrayna üçün "Starlink" peyk rabitəsi xərclərini ödəməyə davam edəcək

Ukraynada fəaliyyət göstərən "Starlik" peyk rabitə terminallarından 1300-ü işini dayandırıb. Bu barədə adı açıqlanmayan mənbələrə istinadən CNN məlumat yayıb.

Qeyd olunur ki, ilkin bağlanma oktyabrın 24-də baş verib və bu Ukraynanın mart ayında Britaniya şirkətindən aldığı və döyüş əməliyyatlarında istifadə etdiyi terminallara təsir edib.

Buna da bax: Mask fikrini dəyişib-Ukrayna üçün Starlinkə pul ödəməyə davam edəcəyik

CNN-in məlumatına görə, Ukrayna ordusu 1300 "Starlink" terminalının hər biri üçün ayda 2500 dollar ödəyib. Sentyabr ayına qədər ümumi xərclər 20 milyon dollara yüksəlib və ordu terminalların istismarı üçün pul ödəyə bilməyib.

Məlumatda o da qeyd olunur ki, oktyabrın əvvəlində Ukrayna Müdafiə Nazirliyi Britaniya ordusundan aylıq 3,25 milyon dollar ödəməyi xahiş edib.

"Biz Rusiyanın işğalını dəf etmək üçün Ukrayna ordusu üçün birbaşa taktiki əhəmiyyət kəsb edən bir sıra terminallar saxlayırıq", - Britaniya rəsmisi telekanala deyib.

Sentyabr ayında SpaceX ABŞ Müdafiə Nazirliyinə məktub göndərərək, Starlink peyk terminallarını Ukraynaya göndərmək üçün artıq pul ödəyə bilməyəcəyini bildirərək Pentaqondan maliyyəni öz üzərinə götürməsini istəyib.

Buna da bax: ABŞ Rusiyanın peykləri vurmaq hədəsinə cavab verdi

Oktyabrın 15-də isə İlon Mask elan edib ki, SpaceX şirkətin maliyyə itkilərinə baxmayaraq, Ukrayna üçün "Starlink" peyk rabitəsi xərclərini ödəməyə davam edəcək.

Pentaqondakı mənbənin CNN -nə dediyinə görə isə, İlon Maskın Ukraynaya Starlink xidmətlərini pulsuz təqdim etməyə hazır olduğunu deməsinə baxmayaraq departament və SpaceX layihənin maliyyələşdirilməsi ilə bağlı danışıqları davam etdirir.

Pentaqondakı yüksək rütbəli rəsmi CNN-ə deyib ki, "binamızda olan hər kəs onlara pul ödəyəcəyimizi bilir".

Buna da bax: Mask Kasparovun tənqidinə cavab verir: 'Heç evim yoxdur, ay sarsaq'

"Starlink" Ukrayna hərbçiləri tərəfindən bir-biri ilə əlaqə saxlamaq, kəşfiyyat məlumatları əldə etmək və dronları idarə etmək üçün fəal şəkildə istifadə olunur.

CNN qeyd edir ki, Ukrayna ordusunun dəqiq neçə terminaldan istifadə etdiyi məlum olmasa da fəaliyyəti dayandırılan 1300 terminal əhəmiyyətli bir hissəni təşkil edir.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.