Ukrayna silahlı qüvvələrinin baş komandanı Aleksandr Sırski “Ukrayna-2024” forumunda deyib ki, hazırda Kursk vilayətində 1294 kvadrat kilometrlik ərazi və 100 yaşayış məntəqəsi Ukrayna ordusunun nəzarətindədir. Eyni zamanda Rusiyanın 594 hərbçisi əsir götürülüb.
Sırskinin sözlərinə görə Kursk istiqamətində əməliyyat davam edir. Bu əməliyyatın məqsədlərindən biri də Rusiya ordusunun birləşmələrini başqa istiqamətlərdən, o cümlədən Pokrovsk və Kuraxovsk istiqamətlərindən bura cəlb etməkdir.
Baş komandan deyib ki, Rusiya hərbçiləri bunu başa düşürlər. Sırski iddia edir ki, Rusiya ordusu başqa istiqamətlərdən 30 minədək hərbçini çıxararaq Kursk vilayətinə göndərib, amma Pokrovsk istiqamətindəki qoşunları çıxartmır, əksinə mövqelərini gücləndirir. Rusiya ordusunun ən döyüşə hazırlıqlı birləşmələri məhz bunlardır.
Rusiya tərəfi bu məlumatı hələ ki, şərh etməyib. Rusiya Müdafiə Nazirliyi 27 avqust tarixli məlumatında bildirir ki, Ukrayna ordusunun Rusiya ərazisinə müdaxilə cəhdlərinin qarşısını alır və Borki, Kulbaki, Kremyanaya Malaya Loknya yaşayış məntəqələrinə 11 hücum dəf edilib.
Rusiya Müdafiə Nazirliyinə yaxın Rıbar teleqram kanalı iddia edir ki, dünəndən bəri Ukrayna qoşunları Koronevsk rayonunda bir neçə hücum əməliyyatı keçirərək nəzarətlərində olan ərazini böyüdüblər.
AzadlıqRadiosu tərəflərin verdikləri məlumatları müstəqil şəkildə yoxlaya bilmir.
Ukrayna ordusunun Belqorodda sərhədi keçməyə çalışdığı bildirilir
Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Ukrayna hərbçilərinin sərhədi keçməyə çalışdığını təsdiqləyib.
"Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, sərhəddə vəziyyət mürəkkəb olaraq qalır, amma nəzarətdədir. Hərbçilərimiz planlı iş aparırlar", – o, Telegram kanalında yazıb.
Bundan öncə kremlyönlü Telegram kanalları sərhədi keçmə cəhdi barədə yazıblar. "Shot" Ukrayna hərbçilərinin Belqorod vilayəti ilə sərhədə yaxınlaşdığını, Nexoteyevkada rusiyalı sərhədçilərlə döyüşlərin getdiyini xəbər verib. Telegram kanalı hücumun dəf olunduğunu bildirib.
"Mash"ın məlumatına görə, "Şebekino" avtomobil-buraxılış məntəqəsində də döyüş gedir. Amma "Shot" Şebekinoda döyüş getmədiyini, orada Volçanska girən qruplaşmanın dayandığını yazıb.
"Pepel" kanalı Belqorod və Borisovka rayonlarında artilleriya atəşi eşidildiyini bildirib. İlkin məlumatlara görə, Şebekinoda heç bir döyüş getmir.
+++
Avqustun 27-də Rusiyanın Ukraynaya qarşı kütləvi dron və raket hücumunda azı dörd nəfər həlak olub, bir neçə nəfər yaralanıb, yaxud itkin düşüb. Dnepropetrovsk vilayətində yerləşən Krivoy Roq şəhərində otelə də zərbə endirilib.
Bu hücumların gerçəkləşdirildiyi bir vaxtda BMT-nin nüvə agentliyinin başçısı Rafael Qrossinin Rusiyanın Kurskdakı atom elektrik stansiyasına (AES) səfər edəcəyi gözlənilir. Avqustun 6-da Ukrayna qüvvələri Kurskda girib.
Otel vurulub
Dnepropetrovsk qubernatoru Sergey Lısak avqustun 27-də Telegram-da yazıb ki, ötən gecə Krivoy Roqda otelə raket zərbəsində bir kişi və bir qadın öldürülüb. "Beş nəfər yaralanıb, 43 yaşlı bir qadının vəziyyəti ağırdır", – Lısak əlavə edib. O, iki nəfərin taleyinin naməlum olduğunu, onların hələ də dağıntılar altında qala biləcəyini yazıb.
Qubernator hücumda dörd çoxmərtəbəli binanın, bir neçə mağazanın da ziyan gördüyünü, Nikopol şəhərinin də hücuma məruz qaldığını bildirib.
Yerli rəsmilər ötən gecə cənubdakı Zaporojye vilayətinə Rusiya zərbələrindən iki nəfərin həlak olduğunu deyirlər.
Havadan müdafiə sistemləri Kiyevə hücum edən 15 dronun hamısını vurub, - paytaxt administrasiyası bildirib.
27 avqust hücumu Ukraynanın bütün ərazisində hava həyəcanının işə salınmasına səbəb olub.
Hava Qüvvələri avqustun 27-nə keçən gecə 60 dronun və beş raketin hamısının vurulduğunu bildirib.
Jitomir, Vinnitsa, Xmelnitski və digər vilayətlərə də dron və raket hücumları barədə xəbərlər gəlib.
Qrossi Kurska gedir
Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Qrossi Twitter-də yazıb ki, Kursk AES-də vəziyyəti dəyərləndirmək üçün oraya gedir.
"Vəziyyətin ciddiliyini nəzərə alaraq sabah Rusiyadakı Kursk Atom Elektrik Stansiyasına yollanacaq missiyaya şəxsən başçılıq edəcəyəm", – Qrossi yazıb.
Bu stansiya Ukrayna ilə sərhədin 60 kilometrliyində, Seym çayı sahilində yerləşir. Son üç həftədə bu ərazidə ağır döyüşlər gedir.
Avqustun 26-da Rusiya qüvvələri Ukrayna ərazisində azı 200 dron və raket atıb, azı yeddi nəfər həlak olub, enerji infrastrukturuna ziyan dəyib.
ABŞ prezidenti Co Bayden (Joe Biden) hücumu pisləyib.
Ukrayna prezidenti Volodimir Zelenski isə ölkəsinin qlobal müttəfiqlərini "qətiyyətli" addım atmağa, Kiyevə Qərbin verdiyi silahlarla Rusiyanın dərinliklərində hərbi hədəflərə vurmasına icazə verməyə çağırıb.
"Terrorçuların heç bir məhdudiyyəti olmadığı halda, Ukraynanın uzaqmənzilli qabiliyyəti məhdudlaşdırıla bilməz", – Zelenski vurğulayıb.