Ukrayna hava qüvvələri ötən gecə dörd vilayətinə atılan 16 Rusiya döyüş dronundan 14-nün vurulduğunu bildirir.
"Çerkası, Kirovoqrad, Poltava və Sumı vilayətlərində təyyarələr əleyhinə sistemlər işə düşüb", – hava qüvvələri avqustun 23-də səhər Telegram-da yazıb. İki dronun itdiyi, məhv edilib-edilmədiyinin bəlli olmadığı açıqlanıb.
İtki, yaxud dəyən ziyan barədə məlumat yoxdur.
Rusiyanın Müdafiə Nazirliyi isə havadan müdafiə qüvvələrinin Kursk vilayəti üzərində Ukraynanın dörd, Belqorod üzərində isə üç dronunun vurulduğunu bildirib. İtki, ziyan barədə bilgi verilmir.
"Kavkaz" limanında gəmin batırılıb
Rusiya rəsmiləri Ukrayna qüvvələrinin cənubi Krasnodar vilayətində limanda yanacaq çənləri daşıyan Rusiya gəmisini raket zərbəsi ilə batırdığını açıqlayıb.
Qərargahın daha öncə verdiyi xəbərə görə, "Kavkaz" limanında yanacaq çənləri ilə dolu dəmiryol bərəsinə hücum olub, əraziyə fövqəladə xidmətlər göndərilib. Sosial mediada yayılan fotolarda bərə keçidi ərazisindən qalxan tüstü dalğası görünür.
Bu liman Rusiyanı 2014-cü ildə qanunsuz ilhaq etdiyi, Ukraynanın Krım yarımadasından ayıran Kerç boğazında yerləşir. Ukrayna insidentlə bağlı rəsmi şərh verməyib. Amma prezident Volodimir Zelenskinin kommunikasiyalar üzrə müşaviri Darya Zarivna Telegram-da limanda böyük bir yanğın fotosu yerləşdirərək üstündə "gözəl" sözünü yazıb.
Rusiyanın Temryuk şəhərində rayon başçısı Fyodor Babenkov "Reuters"ə deyib ki, bərədə 30 yanacaq çəni olub. Onun sözlərinə görə, hücum nəticəsində gəmiyə ciddi ziyan dəyib, nəticədə yanğın başlayıb.
İtkin düşənlər var
Rusiyanın "RIA Novosti" dövlət xəbər agentliyi hücum vaxtı gəmidə beş nəfərin olduğunu, onların itkin düşdüyünü yazıb. "Baza" xəbər kanalı isə gəmidə 15 nəfərin olduğunu, hamısının itkin düşdüyünü xəbər verib.
TASS Nəqliyyat Nazirliyinə istinadla liman işçilərinin hamısının təxliyə olunduğunu qeyd edib.
Ukrayna son həftələr Rusiyanın Kursk vilayətinə qəfil hücum edib, Rusiya daxilində yanacaq saxlanan obyektləri, aerodromları vurub.
Avqustun 22-də Rusiyanın yüzlərlə kilometr dərinliyində aerodroma dron zərbəsi Ukrayna hərbi kəşfiyyatının işi olub, - bunu təhlükəsizlik mənbələri AzadlıqRadiosuna deyiblər.
Zelenski isə Ukrayna avqustun 6-da Kurska girəndən bəri ilk dəfə olaraq Ukraynanın bu regionla həmsərhəd Sumı vilayətinə səfər edib.