Bugün, oktyabrın 1-də 30 nəfər ukraynalı uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün Bakıya gətirilib.
Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski öz Facebook səhifəsində açıqlayıb.
Məlumata görə, reabilitasiya proqramı Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə həyata keçirilir.
Ukraynalı uşaqların Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə yerləşdiriləcəyi və 15 gün ərzində tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri göstəriləcəyi açıqlanıb.
Səfir Kanevski reabilitasiya proqramı barədə açıqlama verib:
"Maraqlıdır ki, məhz bu gün Ukraynanın suverenliyi və ərazi bütövlüyünü Rusiya işğalından müdafiə edən və bu yolda canlarından keçmiş qəhrəmanların övladlarından ibarət daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gəlib. Ukrayna üçün humanitar layihələri dəstəklədiyinə görə Azərbaycan tərəfinə səmimi təşəkkürümü bildirirəm." - o qeyd edib.
Rəsmi məlumatlara görə, indiyədək 150-dək ukraynalı uşaq Azərbaycana gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.