Ukraynanın cənubunda Dnepr çayı üzərində böyük bəndin dağıldılmasının səbəb olduğu daşqında minlərlə insanın xilasetmə əməliyyatı davam edir. Bu arada Rusiya çayın hər iki tərəfini atəş altında saxlayır, daşqınlar isə torpaq minalarının yerini dəyişir.
Cənubi Xerson vilayətinin qubernatoru Oleksandr Prokudin iyunun 8-də deyib ki, regionda suyun səviyyəsi altı metrdir, ərazinin 600 kvadrtat kilometri su altındadır. Su basan ərazu əsasən Dneprin Rusiyanın işğalı altında olan sol sahilində yerləşir.
Qubernator təhlükəli ərazilərdən 2 minədək insanın xilas olunduğunu vurğulayıb.
Xerson vilayətinin ümumi ərazisi 28 min 461 km-dir.
Buna da bax: Nova Kaxovka bəndinin dağılması Ukrayna üçün nə deməkdir?Atəş altında xilasetmə
Ukrayna silahlı qüvvələri Xerson və ətrafının Rusiya qüvvələri tərəfindən atəşə tutulduğunu bildirir.
Prezident Volodimir Zelenski isə Almaniya və ABŞ mediasına müsahibəsində BMT və Qırmızı Xaçın təcili kömək edə bilməməsindən sarsıldığını dilə gətirib. O əlavə edib ki, Rusiya əsgərləri xilasetmə işləri gedən vaxtda məsafədən atəşi davam etdirirlər.
Nova Kaxovka bəndinin dağılma səbəbi aydın olmasa da, Zelenski Rusiyanı ittiham edib, bunu “tamamilə məqsədli” hərəkət adlandırıb. Ruisiya isə öz növbəsində Kiyevi ittiham edib.
Zelenski yüzminlərlə insanın içməli suya çıxışının kəsildiyini bildirib.
Rusiyanın işğalı altında olan ərazidə 14 minədək evi su basıb, 4 min 300 nəfər evakuasiya olunub.
Minaların yeri dəyişir
Qırmızı Xaç xəbərdarlıq edib ki, daşqın əraziyə basdırılmış torpaq minalarının aşkarlanmasına məhvedici təsir göstərəcək.
“Təhlükənin harada olduğunu bilirdik. İndi isə bilmirik. İndi bildiyimiz odur ki, onlar hardasa axının aşağısındadır”, – Beynəlxalq Qırmızı Xaç Komitəsinin Silahlarla Çirklənmə Bölmünün rəhbəri Erik Tollefsen bildirib.
Onun sözlərinə görə, yerləri dəyişmiş minalar həm yerli sakinlərə, həm də xilasedicilərə ciddi təhlükə yarada bilər.
Hündürlüyü 30 metr, uzunluğu 3.2 km olan Kaxovka bəndinin dağılması Ukraynanın çoxdan gözlənən əkshücumü dövrünə təsadüf edib. Kiyev Moskvanın ötən ilin fevralından işğal etməyə başladığı əraziləri geri almağı planlaşdırır.
Müdafiə nazirinin müavini Hanna Malyar iyunun 7-də deyib ki, Ukrayna qüvvələri Baxmutda hücumu davam etdiririrlər, 1.1 km irəliləyiblər. Bu gün səhər yayılmış məlumata görə, Kiyev qüvvələri Rusiyanın Baxmut ətrafında möhkəmlənmək cəhdlərini dəf ediblər.