Ukraynanın “Nibulon” kənd təsərrüfatı şirkətinin təsisçisi və Ukraynanın ən varlı sahibkarlarından biri Aleksey Vadaturski və həyat yoldaşı iyulun 31-nə keçən gecə Rusiyanın Nikolayev şəhərini atəşə tutması nəticəsində həlak olub.
Bu barədə vilayət administrasiyasının rəhbəri Vitali Kim məlumat verib.
“Aleksey Afanasyeviç Ukrayna üçün, Nikolayev vilayəti üçün çox şey etdi. Onun kənd təsərrüfatı və gəmiqayırma sənayesinin inkişafına, regionun inkişafına verdiyi töhfə əvəzsizdir”, - Kim yazıb.
Vadaturskinin ölümünü Ali Radadakı “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamia və Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak da təsdiqləyib.
Yerli KİV-lərin yazdığına görə, mərmi sahibkarın evinə düşüb. "Forbes" jurnalının Ukrayna bölümünün 2021-ci ildə yaydığı məlumata görə, 74 yaşlı biznesmenin sahib olduğu "Nibulon" şirkəti gəlir baxımından Ukraynada üçüncü kənd təsərrüfatı şirkəti olub.
Elə həmin il Vadaturski 430 milyon dollarlıq sərvətlə Forbes-in ən zəngin ukraynalılar siyahısında 24-cü yerdə qərarlaşıb. 2007-ci ildə iş adamına Ukrayna Qəhrəmanı adı verilib.
Xarkov və Nikolayev şəhərlərinin merləri hər iki şəhərin bazar gününə keçən gecə Rusiya hərbçiləri tərəfindən güclü atəşə tutulduğunu bildiriblər.
Nikolaev şəhərinin meri Aleksandr Senkeviç bazar günü gecə şəhərin atəşə tutulması barədə məlumat verib və bunu "indiyə qədər ən güclü atəşə tutlma " adlandırıb. Senkeviçin sözlərinə görə, bir neçə partlayışdan sonra yanğınlar başlayıb, yaşayış binalarında dağıntılar var.
Rusiya Müdafiə Nazirliyi hələlik Nikolayev və Xarkova hücumlar barədə xəbərləri şərh etməyib. Rusiya adətən bildirir ki, onlar Ukraynanın mülki infrastrukturuna hücum etmirlər və yalnız hərbi obyektlər hədəfə alınır.
Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.
Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.