Ukraynanın hüquq-mühafizə orqanları iyulun 11-də ilhaq edilmiş Krımdan qanunsuz olaraq, iddia edildiyinə görə Ukrayna taxılını daşıyan gəmini saxlayıb.
Rusiya 2022-ci ildə Ukrayna ərazilərini işğal edəndən bəri Kiyev dəfələrlə Moskvanı onun torpaqlarında yetişdirilmiş taxılı qanunsuz olaraq üçüncü ölkələrə daşımaqda ittiham edib.
AzadlıqRadiosunun Ukrayna xidməti baş prokurorluğa istinadən yazır ki, Odessa yaxınlığında saxlanmış xarici gəmi bundan əvvəl də Krımdakı Sevastopol limanından kənd təsərrrüfatı malları daşıyıb.
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) sözü gedən gəminin kapitanının saxlandığını və ona qarşı işğal olunmuş ərazilərə daxil olmaq qaydalarının pozulması ittihamı irəli sürüldüyünü xəbər verir.
Buna da bax: Azərbaycanlı maqnat Britaniyada KFC restoranlar şəbəkəsinə gizli milyonları belə yatırdıKamerun bayrağı altında
Məlumatda iddia olunur ki, Usko Mfu adlı gəmi Ukraynanın cənubunda yetişdirilmiş taxılı daşıyırmış.
SBU bildirir ki, ittiham olunan şəxsi beş il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
Ukrayna prokurorluğunun məlumatında kapitanın Azərbaycan vətəndaşı olduğu qeyd edilir.
Saxlanmış gəmi ekipajının digər 12 üzvünün hansı ölkənin vətəndaşları olduqları deyilmir.
Məlumata görə Kamerun bayrağı altında üzən gəmi Sevastopol portuna 2023-cü ilin noyabrında daxil olub və ona yüklənmiş 3000 ton kənd təsərrüfatı məhsulları adı çəkilməyən Türkiyə şirkətinə çatdırılmalıymış.
Buna da bax: Latviyada kremlpərəst fəal 3 il azadlıqdan məhrum edilibQanunsuz fəaliyyəti gizlətmək üçün
Prokurorluğun məlumatında iddia olunur ki, gəmi Sevastopol portuna daxil olmazdan əvvəl qanunsuz fəaliyyətini gizlətmək məqsədilə Avtomatik İdentifikasiya Sistemini (AİS) söndürüb. Bu, dəniz nəqliyyatında təhlükəsizlik qaydalarının kobud pozulması hesab edilir.
Prokurorluq bildirir ki, gəmi Sevastopola ikinci dəfə bu ilin may ayında qayıdıb. Gəmi Ukrayna orqanları tərəfindən Reni limanında saxlanıb və orda Sevastopol hakimiyyət orqanlarının verdiyi sənədlər aşkar olunub.
Avropa İttifaqı Moskvanın Ukraynadakı müharibənin davam etdirilməsi üçün gəlirlərinin qarşısını almaq məqsədilə Rusiyadan taxıl idxalına “cəzalandırıcı” rüsumlar qoyub.
Aİ-nin ticarət komissarı deyib ki, bu tədbirdən məqsəd “oğurlanmış Ukrayna taxılının Rusiya tərəfindən Avropaya ixracının” qarşısının alınmasıdır.