Xanımı bildirir ki, Ülvü Həsənli həbsdə  ölümlə hədələndiyini deyir

Ülvi Həsənli

"AbzasMedia" nəşrinin həbsdəki direktoru Ülvi Həsənlinin xanımı Rubabə Quliyeva deyir ki, əri saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında ölümlə hədələndiyini bildirir.

R.Quliyevanın sözlərinə görə, avqustun 21-də Ü.Həsənli onunla növbəti telefon danışığında bildirib ki, işgəncə faktları barədə yazandan sonra kamerasındakı bir nəfər ona qarşı xüsusilə təxribat xarakterli hərəkətlər edir: "Hətta bir neçə dəfə cibindən kəsici alət çıxararaq Ülvini hədələyib".

R.Quliyeva qeyd edib ki, bu məsələ ilə bağlı həm Ü.Həsənli, həm də vəkili Zibeydə Sadıqova təcridxana rəisinə, rəis müavininə 10 gündən çoxdur şikayətlərini ünvanlasalar da, heç bir tədbir görülməyib: "Ombudsman Aparatının, Penitensiar Xidmətin dərhal bu işi araşdırmasını, Ülvinin təhlükəsizliyini təmin etməsini tələb edirəm".

Penitensiar Xidmətdən cavab

Penitensiar Xidmətdən "AbzasMedia" nəşrinin həbsdəki direktoru Ülvi Həsənlinin xanımı Rubabə Quliyevanın açıqlamasına münasibət bildiriblər.

Qurumdan "Turan"a deyiblər ki, penitensiar müəssisələrdə saxlanılan məhkum və həbs edilmiş şəxslərin bütün hüquqları, o cümlədən şəxsi təhlükəsizlik hüquqları təmin olunur, qanuni mənafeləri qorunur: "Ülvi Həsənli, onun hüquqlarını müdafiə edən vəkilləri tərəfindən Penitensiar Xidmətə, eləcə də Bakı İstintaq Təcridxanasına ona qarşı qanunsuzluqlarla bağlı heç bir rəsmi müraciət və məlumat daxil olmayıb".

+++

Ötən ay Ü.Həsənli 1 saylı Bakı İstintaq Təcridxanasında işgəncələrin olması ilə bağlı açıqlama yaymışdı. Orda vurğulanırdı ki, "bəzi məhbusları çarmıxa çəkib döyür, dəhlizlərdəki reşotkalardan asırlar".

O, müraciətində qeyd edirdi ki, dəfələrlə Penitensiar Xidmətin, İstintaq Təcridxanasının rəhbərliyinə, Ombudsmana müraciət etsə də, heç bir tədbir görülməyib.

Öz növbəsində Penitensiar Xidmətdən bildirmişdilər ki, bu müraciətdə deyilənlər reallığa uyğun gəlmir.

Xatırlatma

Ü.Həsənli və daha bir neçə "AbzasMedia" əməkdaşı 2023-cü ilin noyabrında valyuta qaçaqmalçılığı ittihamı ilə həbs edilib.

Onların işi üzrə istintaq davam edir. Bugünlərdə isə onların ittihamı daha bir neçə maddə ilə ağırlaşdırılıb. Söhbət külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqdan, habelə mütəşəkkil dəstə ilə qaçaqmalçılıqdan, vergidən yayınmaqdan, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadədən gedir.

Ümumilikdə isə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 250-300 siyasi məhbus var.

Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.