Buğda və çörəyə 18 faizlik vergi ləğv edildi

Arxiv fotosu

.

Yanvarın 15-dən Azərbaycana buğda və un gətirilməsi, çörək istehsalı və satışında 18 faizlik ƏDV - əlavə dəyər vergisi ləğv edilir. Bu barədə dövlət informasiya agentliyi Azərtac İqtisadiyyat və Sənaye Nazirliyinə istinadla məlumat yayıb.

Rəsmi xəbərdə deyilir: "Bu qərarla unun topdansatış qiyməti əhəmiyyətli dərəcədə azalıb, daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşıb.

Unun yeni qiymətinə uyğun olaraq, 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılacaq. Unu və çörəyi göstəriləndən artıq qiymətə təklif edən şəxslərə qarşı ən ciddi məsuliyyət tədbirləri görüləcək."

Qeyd edək ki, mövcud qanunvericiliyə görə un və çörəyin qiyməti dövlətin nəzarətində deyil, bu qiymətləri Tarif Şurası müəyyən etmir. Ona görə dövlət orqanlarının çörəyin qiymətini inzibati yollarla necə tənzimləyəcəyi hələlik aydın deyil.

Əvvəllər 40 qəpiyə satılan çörək devalvasiyadan sonra bir ara 45 qəpiyə qalxsa da sonradan yenə 40 qəpiyən enmişdi. Amma Bakı sakinləri yenə 40 qəpyə olan çörəyin çəkisinin az qala 2 dəfəyə qədər endiyini deyirdilər.

50 kiloluq unun kisəsi isə devalvasiyadan dərhal sonra kəskin bahalaşaraq 19 manatdan 28 manata yüksəlmişdi. Azərbaycanın bəzi bölgələrində bir kisə unun hətta 38 manata qədər bahalandığı haqqında məlumatlar vardı.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube kanalından izləyin