Bakının Qala qəsəbəsində quyudan meyiti tapılan 4-yaşlı Məryəmin ölümünə görə qonşu cəzalandırılsa da, öz atası da ona işgəncə verməkdə suçlanır. Araşdırmalar üzə çıxarıb ki, uşaq vaxtaşırı işgəncəyə məruz qalırmış. Bunu videogörüntülər və ata Taleh Allahyarovun özü də təsdiqləyir. O, əməlindən peşman olduğunu da dilə gətirir.
Məryəm Hüseynli doğularkən anasının 16, atasının 20 yaşı olub. Onlar rəsmi nikahsız yaşayıblar və uşağın 1 yaşı olanda da ayrılıblar. Ana - Günel Hüseynli qızını atası Taleh Allahyarovun yanında qoyaraq gedib və bir müddət sonra notarial qaydada uşaqdan imtina ərizəsi yazıb.
Uşağın qaldığı evdə Talehin atası, bacısı və nənəsi də yaşayır.
Qatil qonşu iki ay öncə cəzasını alıb
Qızcığazın meyiti yaşadıqları evin yaxınlığındakı quyudan tapılıb. Onu atandan sonra üstünə daş, zir-zibil də töküblər. Qonşuluqda yaşayan Mehman Mansurov Məryəmi döyüb öldürməkdə təqsirli bilindiyindən iki ay öncə 11 il azadlıqdan məhrum edilib.
Buna da bax: 2-yaşlı Məhəmmədə görə 2 il cəza...Taleh Allahyarov ifadəsində danışıb ki, evdəki bacısının da 11 yaşı var. Nənə bu uşağa da baxmaq istəmədiyindən onu aparıb bir müddətə qonşuya verməyə məcbur qalıb: "Kürdəxanıda iş tapmışdım. Çarəm yox idi. Gedəndə uşağı aparıb Mehmangilə qoydum. Dörd gün keçəndən sonra iş dayandı. Qayıdıb gələndə uşağı götürmək istədim. Gah dedi ki, xalamqızıgildədir, gah başqa bəhanə gətirdi...".
Anada videogörüntülər var
Məryəmin öldürüldüyü bilinəndən sonra uşağın anası özündəki videogörüntüləri təqdim edib və beləcə, uşağın atası ilə bağlı araşdırmalar başlanıb. Həmin görüntülərdə Taleh Allahyarov qızının boğazına kabeli dolayıb və videonu həyat yoldaşına göndərərək bildirib ki, geri qayıtmasa, uşağı asacaq.
Günel Hüseynli iddia edir ki, uşağın boğazına bıçaq dirənib çəkilən videogörüntülər də göndərilibmiş, ancaq o telefonu itirdiyindən indi ortaya çıxara bilmir.
Buna da bax: Ərinin işgəncələrindən polisə şikayət edən gənc qadın öldürüldüGünel Hüseynli istintaqa ifadəsində deyib ki, narkotikdən istifadə etdiyinə və heç yerdə işləmədiyinə görə Talehdən ayrılıb və bu üzdən onun barışıq istəklərini rədd edib.
"Onu çox istəyirdim, çox peşmanam"
Taleh Allahyarov deyilənləri təsdiqləsə də, qızına zərər vermək niyyəti olmadığını bildirir. Söylədiyinə görə, məqsədi görüntü yaratmaq, övladının anasını geri qaytarmaq olub. Düşünüb ki, Günel Hüseynli uşağının o cür görüntülərinə baxsa, ürəyi yumşalar və qızını elə vəziyyətdə tək buraxmaq istəməz. Taleh Allahyarov uşağın ölümündən iki həftə öncə onun bədənini siqaretlə yandırdığını da boynuna alıb: "Məryəm küçədə nalayiq sözlər öyrənmişdi, evdə də tez-tez təkrarlayırdı. Ona görə onu döydüm. Sözə baxmadığı üçün çimdikləmişəm. Axırıncı hadisədən əvvəl cəzalandırmaq üçün siqaretlə bədəninə dağ basmışdım. İstəmirdim pis söz danışsın. Onu çox istəyirdim. Ona qarşı kobud davrandığıma görə də çox peşmanam...".
Zərərçəkmişin hüquqi varisi kimi uşağın anası tanınsa da, məhkəməyə gəlməyib.
Köməksiz vəziyyətdə olan azyaşlıya əzab verməkdə təqsirli sayılan Taleh Allahyarova 3 il 6 ay həbs cəzası kəsilib.