Vaqon ev, şam işığı və aclıq…

Arxiv fotosu.

Vaqonda yaşayan kasıb ailənin müəmmalı işıqpulu cəriməsi. İki uşaq anası ünvanlı sosial yardıma da həsrət qaldığını deyir.

“Masallıda özbaşınalıq baş alıb gedir. Burada 8 inəyi olana, Rusiyada yaşayana, hər imkanı olana azı 200 manat ünvanlı sosial yardım təyin olunur. Çünki maddi maraq var - 50-50-yə razılaşırlar.

Mənim kimi vaqonda yaşayan, balalarının qarnına çörək tapmayan ailələrə isə qapının arxasını göstərirlər, lap bərkini tutanda, 50-60 manat ünvanlı sosial yardım yazırlar. Bunu da adamların boynuna elə minnətlər qoyub edirlər ki, adam öz varlığından utanır. O qədər imkansız ailələr var ki, ünvanlı sosial yardım almaq üçün ildən yuxarıdır növbə gözləyirlər. Belə faktlar çoxdur…”

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Masallının Əhmədli kəndinin sakini Humay Vəliyeva deyir.

“ADAMI QAPIDAN QOVURLAR”

Onun sözlərinə görə, 60 manat ünvanlı sosial yardım iki azyaşlı övladının nə qarnını, nə əyin-başını, nə də başqa dərdini görür. Vay o günə ki, ailədə kimsə xəstələnə…

“İş versinlər, işləyək… İşdən kim boyun qaçırır ki… Bu tifilləri böyüdüb bir tərəfə çıxarmalıyam, ya yox?.. Gedirsən Masallının Sosial Müdafiə Mərkəzinə ki, “60 manat bu uşaqların heç aylıq çörəkpulu deyil. Kalorisiz yeyirlər, ətin, yağın, meyvənin dadını bilmirlər. Canları-cəsədləri yoxdu, ilin çox vaxtını xəstə yatırlar, taqətsiz olurlar. 60 manat heç həkimin yazdığı iki dərmana çatmır. Bəs, bunun yeməyi, geyinməyi? Məgər evin, ailənin başqa qayğıları yoxdu?” Adamı qapıdan qovurlar”.

Humay Vəliyeva iki azyaşlı uşağı ilə imkansızlıqdan vaqon evdə yaşayır. Neçə ildir ki, rayon icra hakimiyyətinə sığınacaq üçün müraciət etsə də, müsbət cavab almayıb. Deyir, iş orasındadır ki, onu bu vaqonda da rahat buraxmırlar. Deyir, yaxşı-pis, şərait düzəlib balalarını vaqona yığıb. Onun da işığını 2 ilə yaxındır ki, hökumət söndürübmüş:

“2012-ci ildə vaqona sayğac qoydular. Çölün ortasıdır, mən gecə-gündüz sayğac keşiyi çəkəsi deyiləm ki… Bir gün gəlib gördüm ki, sayğacı qoparıb aparıblar. Masallı rayon işıq idarəsinə və polis şöbəsinə yazılı müraciət etdim ki, sayğacım oğurlanıb. İşıq idarəsi həmin vaxtdan düz 2014-cü ilin martına kimi dedi ki, sayğac qoymaq imkanımız yoxdur. Nəhayət, martda sayğac qoyuldu. Həmin il aprelin əvvəlində mənə hesab gəldi ki, 250 manat borc ödəməliyəm. İşıq xəttimi də kəsib getdilər”.

TİFİLLƏRİ YAZA NECƏ ÇIXARMALI?..


Humay Vəliyeva iddia edir ki, sayğacın qoyulmasında yubanma işıq idarəsinin üzündən baş verib. Ancaq nədənsə, cəzasını onun boynuna yükləyiblər:

“Neçə vaxtdır iki azyaşlı uşaqla vaqonda şam işığında otururuq. 20 gün olar ki, gəlib birləşdiriblər. Ancaq hər an səksəkə içərisindəyəm, çünki tələb etdikləri borcu ödəməsəm, gəlib kəsib gedəcəklər. Qaz yoxdur, işıqsız da qalsaq, bu tifilləri yaza necə çıxaracam?..

İcra hakimiyyəti başçısının qəbulunda olmuşam. Mənə dedi, işıq idarəsinin işinə qarışa bilməz, borc varsa, ödənməlidir. Sayğacım olduğu vaxtlarda hər ay 2-3 manat işıqpulu yazırdı. Çünki evdə televizor, soyuducu, bir sözlə, elektriklə işləyən heç nə yoxdur. Təkcə işıq lampasıdır. Onu da axşamdan-axşama yandırırıq. Bax, 20 gündür işığı birləşdiriblər, sayğac vur-tut 1 manat 30 qəpik yazıb. Bir də ki, işıq idrəsinin marağı nə idi ki, vaxtında sayğac qoymayıb məni 3 il süründürdü, sonra da ağlına gələn bir rəqəmlə məni cərimələdi… Vaxtında sayğac quraşdırmadığına görə günahkar özüdür, cərimənisə mənə yükləyir”.

Humay Vəliyeva 60 manat ünvanlı sosial yardımla cəriməni ödəmək imkanı olmadığını deyir.

Masallı rayon işıq idarəsindən bildiriblər ki, Humay Vəliyevanın yaşadığı vaqonun elektrik enerjisi bir neçə gündür ki, bərpa olunub. Ancaq abonent borcu ödəməsə, vaqon yenə qaranlığa qərq ola bilər.

ŞƏKK-ŞÜBHƏSİ VARSA, MƏHKƏMƏYƏ VERSİN

İdarədən bildirirlər ki, o, borcunu hissə-hissə də ödəyə bilər. Əgər borcla bağlı hər hansı şəkk-şübhəsi varsa, o zaman məhkəməyə müraciət etsin.

O ki qaldı ünvanlı sosial yardımın təyin olunması ilə bağlı Masallı sakinin Rayon Sosial Müdafiə Mərkəzinə qarşı ittihamlarına, Mərkəzin adının çəkilməsini istəməyən əməkdaşı bu deyilənləri təkzib edib. Aldığı ünvanlı sosial yardımın məbləğinə gəlincə, mərkəzdən bildirdilər:

“Yaxınlaşsın, araşdıraq. Bilirsiniz ki, ünvanlı sosial yardım təyin olunarkən bir sıra məqamlar nəzərə alınır. Məsələn, gəlirlər, yoxlayıb görürsən ki, qeydiyyatda olduqları ünvanda yaşayan ailə üzvlərinin aylıq gəlirləri kifayət qədərdir. Ancaq adamlar yenə də yardımdan istifadə etmək istəyirlər. Yenə də, yaxınlaşsın, araşdıraq”.