Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamenti Moskvanın Qərbin Azərbaycan və Ermənistan arasında problemlərin nizamlanması üzrə səyləri ilə bağlı tənqidini kəskin şəkildə təkzib edib. Bu barədə "Turan"ın Vaşinqtondakı müxbiri xəbər verib.
"Biz, şübhəsiz ki, səylərimizin özünüreklam kimi tövsif olunmasını təkzib edirik", - Dövlət Departamentinin nümayəndəsi Ned Prays oktyabrın 25-i keçirilən brifinqdə agentliyin müxbirinin xahişi ilə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsinin bəyanatını şərh edərkən bildirib.
Bir neçə gün əvvəl Rusiya XİN-in sözçüsü Mariya Zaxarova ABŞ-ı və Avropa İttifaqını özünüreklamda ittiham edib, Qərbin Bakı, Yerevan və Moskva arasında üçtərəfli əlaqələr sayəsində əldə edilmiş razılaşmaları öz adına yazmağa çalışdığını bildirib.
"Vaşinqton və Brüssel Zaqafqaziya ilə bağlı kompromislərdə maraqlı deyillər və Rusiyanı regiondan sıxışdırıb çıxarmağa çalışırlar", -Zaxarova iddia etmişdi.
Buna da bax: Mariya Zaxarova: Qərb Moskva ilə Yerevanın arasını vurmaq istəyir"Yeganə məqsədimiz…"
Zaxarovanın sözlərini şərh edən Prays deyib ki, "şiddətə və həm ermənilər, həm də azərbaycanlılar arasında ölümlərə gətirib çıxaran çoxillik münaqişələrə son qoymaq cəhdində heç bir özünüreklam yoxdur".
O sonra da deyib: "Bizim yeganə məqsədimiz hərtərəfli, möhkəm sülhə nail olmaq və həyatların xilası üçün bu ölkələrin birlikdə hərəkət etməsinə köməklik göstərməkdir. Bilmirəm, bunun nəyi özünüreklam kimi şərh edilə bilər".
Onun əlavə etməsinə görə, ABŞ Dövlət katibi Entoni Blinkenin də qeyd etdiyi kimi, onlar Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına sadiqdirlər: "Hər iki lideri onlar üçün faydalı olan istənilən formatda görüşməyə çağırırıq".
Buna da bax: Makron Rusiyanı Azərbaycana tərəfkeşlikdə ittiham etdi, Putin cavab verdiVaşinqton hesab edir ki, birbaşa dialoq problemlərin həllinin və möhkəm sülhün əldə olunmasının yeganə açarıdır.
- Rusiya, Azərbaycan və Ermənistan liderlərinin qarşıda duran görüşünün Brüssel-Praqa görüşündə əldə olunmuş nailiyyətləri sarsıdacağı təhlükəsi varmı?
"Turan"ın müxbirinin bu sualına cavabda Prays deyib ki, Ermənistan və Azərbaycan liderləri Putinin dəvətinin onların möhkəm sülh əldə etmək cəhdləri üçün faydalı olub-olmayacağına özləri qərar verməlidirlər: "Son nəticədə Cənubi Qafqaz ölkələrinin müstəqilliyi üçün ABŞ-dan daha böyük dəstək yoxdur. 1991-ci ildə Ermənistanın, Azərbaycanın, Gürcüstanın müstəqilliyinin bərpası bu ölkələrin hər birinə Moskvadan və ya istənilən digər ölkədən asılı olmadan, öz xarici siyasi maraqlarına xidmət etmək hüququna zəmanət verən əlamətdar hadisə idi"
Brifinqdə, əksinə, Rusiya qonşularının suverenliyini pozmaqda günahlandırılıb.
Buna da bax: Putin Azərbaycan və Ermənistan liderlərini niyə dəvət edib?Gözlənilən görüş
Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin bu ayın sonuna qədər görüşə bilərlər. Bu haqda Rusiya XİN-in sözçüsü M.Zaxarova bildirib. Onun sözlərinə görə, V.Putin Azərbaycan və Ermənistan liderlərini tərəflər arasında olan bütün məsələlərin müzakirəsi üçün üçtərəfli sammitə dəvət edib.
Azərbaycan prezidenti və Ermənistan baş naziri sonuncu dəfə Praqada oktyabrın 6-da görüşüblər. Görüşdə Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının (Aİ) Prezidenti Şarl Mişel da iştirak edib. Yelisey Sarayının həmin görüşdən sonra yaydığı bəyanatda qeyd edilib ki, Azərbaycanla Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır: "Ermənistan Azərbaycanla sərhəddə mülki Aİ missiyası göndərilməsinə razılıq verib…".
Artıq həmin missiyanın fəaliyyətə başladığı bildirilir.
Bundan əvvəl də 2022-ci ildə iki ölkənin liderləri bir neçə dəfə Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə görüşüb sülh sazişi ilə bağlı danışıqlar aparıblar.
Buna da bax: Arutyunyan: 'Qərbin Qarabağla bağlı təklifləri bizim xeyrimizə deyil'Xatırlatma
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla (10 noyabr) döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Amma bu il sentyabrın ortalarında iki ölkə sərhədində yenidən vəziyyət gərginləşib, ağır silahlar işə düşüb. Nəticədə hər iki tərəfdən ümumilikdə 300-ə yaxın hərbi qulluqçu həlak olub. Lakin bir neçə günə tərəflər arasında yenidən atəşkəs bərpa edilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.