Vaslav Havel Mükafatı namizədlərinin arasında Akif Qurbanov da var

Akif Qurbanov

Vaslav Havel İnsan Haqları Mükafatının seçmə paneli 2024-cü ilin mükafatına namizədlərin ilkin siyahısını elan edib.

Praqada mənzillənən palataya dünya üzrə insan haqlarının müdafiəsi sahəsində müstəqil fiqurlar daxildir.

Palataya Avropa Şurası Parlament Assambleyasının prezidenti Teodoros Rusopulos sədrlik edir.

Hazırda qısaldılmış siyahıya daxil edilmiş üç namizəddən biri Azərbaycandandır.

İnsan haqları müdafiəçisi, siyasi fəal və Azərbaycan vətəndaş cəmiyyətinin fəal üzvü Akif Qurbanov Demokratik Təşəbbüslər İnstitutunun və Üçüncü Respublika Platformasının qurucu üzvlərindən biri və spikeridir. O 2024-cü ilin martında, Azərbaycanda jurnalist və fəalları hədəfləyən həbslər dalğası əsnasında həbs olunub.

Namizədlər siyahısına habelə Venesuela müxalifətinin lideri Mariya Korina Maçado və Gürcüstandan aparcı feminist fəal Babutsa Pataraya daxildir.

Palatanın ilkin seçimini elan edən AŞPA prezidenti insan haqlarını, bəzən hətta həyatları bahasına müdafiə edənlərə dərin təşəkkürünü bildirib.

2024-cü il üçün Vaslav Havel Mükafatının yekun laureatı sentyabrın 30-da AŞPA-nın payız sessiyasının plenar iclasında elan ediləcək. Mükafat 60 min avro, kubok və diplomdan ibarətdir.

Buna da bax: ABŞ Azərbaycanda Bəhruz Səmədovun həbsini 'narahatlıqla izləyir'

Xatırlatma

Bu mükafat Avropada və onun hüdudlarından kənarda insan haqlarının müdafiəsi üçün vətəndaş cəmiyyəti üzlərinin müstəsna fəaliyyətinə görə verilir.

Vaslav Havel İnsan Haqları Mükafatı təsis edildiyi gündən bəri Osman Kavalaya (2023), Vladimir Kara-Murzaya (2022), Mariya Kalesnikavaya (2021), Luajen Alhatlula (2020), İlham Tohtiyə (2019), Oyub Titiyevə (2018), Murat Arslana (2017), Nadia Murada (2016), Lyudmila Alekseyevaya (2015), Anar Məmmədliyə (2014) və Ales Byalyatsiyə (2013) verilib.