Vəkil Bəxtiyar Hacıyev Nəsimi rayonu, 22-ci polis şöbəsinin rəisi Fəxrin Bektaşi tərəfindən zorakılığa məruz qaldığını deyir. Bu barədə AzadlıqRadiosuna danışan vəkil bildirib ki, hadisə iyunun 3-də günorta saat 12 radələrində baş verib. Vəkilin sözlərinə görə, o, şöbəyə çağrılan müvəkkili ilə birlikdə ora getmişdi. Onları polis əməkdaşlarından biri rəisin iş otağına aparıb.
"Rəis dedi ki, vətəndaş tək qalsın. Nəzakətli şəkildə bildirdim ki, onun vəkiliyəm. Mənə kobud cavab verdi. Dedi ki, "vəkil kimdir, səni çağırmışam?". Göstəriş verdi ki, "çıxarın atın bunu bayıra". İki polis əməkdaşı rəisin göstərişinə əməl edib, məni zorla bölmədən çıxardı", - Hacıyev danışır.
DİN məsələnin araşdırıldığını deyir
Onun sözlərinə görə, hüquqlarını qorumaq üçün birlikdə getdiyi vətəndaş vəkilinə qarşı baş verənlərdən şoka düşmüşdü.
Hacıyev deyir ki, ona qarşı olanlar haqda Vəkillər Kollegiyasının rəhbərliyinə, Ombudsman Aparatına, Daxili İşlər Nazirliyinə məlumat verib.
"Şifahi şəkildə şikayət etmişəm. Yazılı şəkildə də şikayət hazırlayıram. Vəkilə qarşı bu cür özbaşınalıq, qanunsuzluq cəzasız qalmamalıdır. Mən də hüquqi müstəvidə lazım olan bütün addımları atacağam", – vəkil vurğulayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev AzadlıqRadiosuna bildirib ki, vəkil Hacıyevin şikayətiylə bağlı məsələ araşdırılır.
Fəxrin Bektaşi 2022-ci ilin martında 22-ci polis şöbəsinin rəisi təyin edilib. Bundan öncə o, Sabunçu rayonu, 15-ci polis şöbəsinə rəhbərlik edirdi.
Bir müddət öncə vəkil Zabil Qəhrəmanov Gəncə şəhər Baş Polis İdarəsində zorakılıqla üzləşməsindən prokurorluğa şikayət edib və şikayət hazırda araşdırılır.