Vəkil Elçin Sadıqov ev dustaqlığına buraxılıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Həbsdən buraxılan vəkil Elçin Sadıqov: Qərar belədir ki, mən Bakıdan kənara çıxa bilmərəm...

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə vəkil Elçin Sadıqov barəsində verilmiş həbs qətimkan tədbiri ev dustaqlığıyla əvəzlənib. Zəki Babayevin sədrlik etdiyi hakimlər kollegiyası bu barədə qərar çıxarıb. Elçin Sadıqov məhkəmə zalından birbaşa azad edilib.

Elçin Sadıqovun mediaya verdiyi açıqlamaya görə, məhkəmə qərarına görə, Bakını ümumiyyətlə tərk edə bilməz, daimi yaşayış yerini tərk etmə ilə də bağlı vaxt məhdudiyyətləri var. Qaldı ki, vəkillik fəaliyyətini davam etdirib-etdirməməsinə, Elçin Sadıqov deyib belə bir məhdudiyyət yoxdur.

"Mənim vəkillik fəaliyyətimlə bağlı hər hansı məhdudiyyət olmamalıdır. Bununla bağlı ən azından məhkəmənin qərarı olmalıdır. Vəkillik fəaliyyətimi davam etdirəcəm, amma Bakını və yaşayış yerini tərk edə bilmərəm. Yazılıb mən saat 23:30-dan səhər saat 6-ya qədər də daimi yaşadığım ünvanı tərk edə bilmərəm. Bu o deməkdir ki, hər hansı şəxs tutulanda məni vəkil kimi çağıra bilməz, mənim rayonlarda da məhkəmə proseslərim var, belə çıxır ki, mən o proseslərdə iştirak edə bilmərəm. Həftənin birinci günü bu məhdudiyyətlərin aradan qaldırılması üçün Binəqədi rayon məhkəməsinə müraciət etməyi planlaşdırıram".

Bir gün əvvəl jurnalist Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı "Xural" TV-də çıxış edərək yoldaşı ilə eyni gündə həbs olunan vəkil Elçin Sadıqov arasında üzləşmə olduğunu deyib.

Onun dediyinə görə, vəkil Elçin Sadıqova deyilib ki, o bütün ittihamları Əvəz Zeynallının üzərinə atsın və bunun əvəzində onu ev dustaqlığına buraxacaqlar.

Bu iddiaya Baş Prokurorluqdan hər hansı münasibət almaq mümkün olmayıb. Amma sentyabrın 17-də ev dustaqlığına buraxılan vəkil Elçin Sadıqov deyilənləri absurd adlandırıb.

"Bu absurddur, tamamilə yalandır, azad olunan şəxsi qaralamaq niyyəti güdür, bəlkə də Əvəz Zeynallını müdafiə etmək məqsədi güdür. Belə bir şey olmayıb".

Bu şikayət üzrə məhkəmə baxışı bir gün əvvələ - sentyabrın 15-nə təyin olunmuşdu. Lakin həmin vaxt məhkəmədə məlum olub ki, Sadıqovun vəkilləri prosesə qatılsalar da, onun özünü gətirməyiblər. Dəqiqləşdirilib ki, məhkəmə təyin olunan vaxtda Sadıqovu istintaq hərəkətləri ilə əlaqədar Baş Prokurorluğun İstintaq İdarəsinə aparıblar. Bu üzdən məhkəmə prosesi bir gün sonraya təyin edilib.

AzadlıqRadiosunun prokurorluqdakı mənbədən əldə etdiyi məlumata görə, günorta başlayan istintaq hərəkətləri gecə saatlarına qədər davam edib. Orada üzləşmə və başqa istintaq hərəkətləri aparılıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Vəkil Bəxtiyar Hacıyev: Elçin Sadıqov həbs olunmasını vəkillik fəaliyyətilə əlaqələndirir

Xatırlatma

Elçin Sadıqov sentyabrın 10-da saxlanılıb. O, "Xural TV" internet televiziyasının rəhbəri Əvəz Zeynallının rüşvət almasına vasitəçilik etməkdə suçlanır. Zeynallı "Baku Steel Company"nin keçmiş rəhbəri, həbsdə olan Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət alma ittihamı ilə sentyabrın 10-da həbs olunub. Sadıqov işadamı Məmmədovun vəkili idi.

Lakin Sadıqov və Zeynallının heç biri özlərini təqsirli bilmir. Vəkili Şəhla Hümbətovanın bildirdiyinə görə, Sadıqov həbsini peşə fəaliyyəti ilə əlaqələndirir, ictimai-siyasi fəallara vəkillik etdiyinə görə cəzalandırıldığını düşünür.

Zeynallının həyat yoldaşı Məlahət Zeynalova da onun jurnalist fəaliyyətinə, xüsusən tənqidi materiallarına görə sifarişlə cəzalandırıldığını bildirib.

Onların ittiham olunduğu CM-in 311.3.3 maddəsində 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ev və ofisində axtarış aparılan vəkil Elçin Sadıqov: Mən heç bir şey etməmişəm, hamısı uydurmadır