Vəkil Zabil Qəhrəmanov peşə fəaliyyətini həyata keçirərkən ciddi problemlərlə üzləşdiyini deyir. Özəlliklə polis orqanlarında səlahiyyətli şəxslərin onun vəkil kimi müvəkkilinə hüquqi yardım göstərməsinə bir sıra hallarda imkan vermədiyini bildirir.
Qəhrəmanovun sözlərinə görə, müqavilə bağlayıb, əlində orderlə gedir ki, müvəkkili ilə görüşsün, ona yardım göstərsin, lakin buraxılmır ki, şəxsə dövlət hesabına vəkil təyin olunub.
"Buraxmırlar ki, rəhbərlik icazə vermir"
Sonuncu dəfə belə hal noyabrın 19-da baş verib – Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin rəis müavini onun saxlanılan şəxslə görüşməsinə imkan verməyib: "Saxlanılan şəxsin anası mənimlə müqavilə bağlayıb, əlimdə order getmişəm. Buraxmırlar ki, rəhbərlik icazə vermir. Sonra da dedilər ki, ona dövlət hesabına vəkil verilib. Başa sala bilmədim ki, şəxsin özünə vəkil tutmağa imkanı olmayanda dövlət hesabına vəkil verilməlidir. Mən onun vəkiliyəmsə, mütləq görüşə buraxılmalıyam, qoy sonra imtina eləsin...".
Buna da bax: Müstəntiq tutulan şəxsin və vəkilinin adından sənədlərə saxta imzalar atıbQəhrəmanov dediklərini təsdiqləyən videogörüntüləri də AzadlıqRadiosuna təqdim edib. Kadrlarda saxlanılan şəxsin anasının da müdafiəçi ilə birlikdə idarənin qarşısında gözlədiyi görünür.
Vəkil vurğulayıb ki, buna bənzər hallar özəlliklə Gəncə polisində tez-tez baş verir. Hətta bu problemlə bağlı məhkəmə qərarı da var: "Faktiki, vəkil kimi işimi görməyə imkan vermirlər".
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev AzadlıqRadiosuna bildirib ki, Qəhrəmanovun noyabrın 19-da görüşmək istədiyi şəxs müdafiəsiz qalmayıb: "Əməldə şübhəli bilinən şəxs vəkillə təmin olunub. Bütün prosessual icraat vəkilin iştirakı ilə aparılıb. Digər iddialı xüsusatlar araşdırma materialıdır".
Buna da bax: Vəkil polis şöbəsində zorakılığa məruz qaldığını deyirMəhkəmə də polisin qanunu pozduğunu təsdiqləyib
Bu ilin mayında Göygöldə saxlanılaraq Gəncəyə - Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinə gətirilən Azad Kazımovun ailəsi dərhal Qəhrəmanovla müqavilə bağlasa da, vəkili onunla görüşə buraxmayıblar. Müdafiəçi həmin gün saat 20:30 radələrindən gecə saat 2-3-ə qədər gözləsə də, müvəkkili ilə görüşə bilməyib. Həmin vaxt da Qəhrəmanova deyilib ki, ona ehtiyac yoxdur, çünki Kazımova dövlət hesabına vəkil təyin edilib.
O işdə Qəhrəmanov müdafiə hüququnun pozuntusu haqda şikayətlə məhkəməyə üz tutub. Məhkəmədə dindirilən polis əməkdaşı vəkilin şöbənin qarşısına gəldiyini, amma Kazımovla görüşmədiyini təsdiqləyib. İşin içində də ərizə var ki, Kazımov maddi durumunun ağırlığına görə dövlət hesabına vəkil istəyir, amma ərizədə imzası yoxdur.
Buna da bax: 6 manatlıq vəkildən keyfiyyət gözləmək olarmıKəpəz rayon Məhkəməsinin hakimi Tural Qocayev polis şöbəsində baş verənləri şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirib. Məhkəmə Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı Vüsal Həsənquliyevin hərəkətlərinin (vəkilin müvəkkili ilə görüşünə imkan verilməməsi-red.) qanunsuz sayılması haqda qərar çıxarıb.
Hüquqi yardım almaq hüququ
Azərbaycan Konstitusiyasının 61-ci maddəsi hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququna təminat verir. Əgər şəxsin özünün pul ödəyib özünə vəkil tutmağa maddi imkanı çatmırsa, bu halda, dövlət bu işi öz üzərinə götürməlidir. Amma istənilən halda, şəxs yüksək keyfiyyətli hüquqi yardımdan yararlanmalıdır.
"Vəkillər Kollegiyasına rəsmi müraciət etsə, tədbir görüləcək"
Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov AzadlıqRadiosuna bildirib ki, hələlik, Zabil Qəhrəmanov üzləşdiyi problemlə əlaqədar rəsmi qaydada onlara müraciət etməyib. Bağırovun sözlərinə görə, vəkillərin hər bir müraciəti əsasında lazımi addımlar atılır, aidiyyəti qurumlarla danışıqlar aparılır. Qəhrəmanovdan da rəsmi müraciət daxil olarsa, tədbir görüləcək: "Dəfələrlə özüm də vəkillərə bildirmişəm ki, onların fəaliyyətinə maneələr, müdaxilələr olduğu halda, sosial şəbəkələr vasitəsilə yox, təmsil olunduqları Vəkillər Kollegiyasının Rəyasət Heyətinə dərhal yazılı qaydada müraciət etsinlər. Biz də tədbir görək".