«Bu kinoteatrın binası ta qədimdən karvansara olub. Buralarda bircə ev, tikili də olmayıb. Uzaq yol gedənlər həmin karvansarada daldalanıb, dincəlib, bir tikə çörək yeyib yollarına davam ediblər. Sonra Sovet hakimiyyəti gəldi və karvansaranı kinoteatra çevirdi. Sovet dağılandan sonra kinoteatr da bağlandı. Sevindik ki, nəhayət, tarixi abidəmiz özümüzə qaytarıldı. İndi də qədim tariximizdən xəbər verən tikili sökülür. Hansısa işadamı yeri alıb, burada obyekt tikdirmək fikrinə düşüb».
İyunun 4-dən Nizami küçəsi, 77 ünvanında yerləşən «Vətən» kinoteatrının binasının söküntüsünə başlanması köhnə bakılı Rövşən Sadıqovu hiddətləndirib. O, binanın sökülməsini tarixin məhvi kimi dəyərləndirir.
«AĞLADIM»
Əslən içərişəhərli olduğunu söyləyən Natiq Mahmudov deyir, tarixi əhəmiyyətli binanın söküldüyünü eşidəndə əraziyə gedib:
«Traktorların qarşısına keçdim, qarşılarını almaq istədim, qışqırdım ki, «axı bu bizim tariximizdir. Bakının keçmişini məhv etməkdə məqsəd nədir?». Kənardan keçənlər mənə gülürdü. Adamlarda beyin qalmayıb. Səsimə səs verməkdənsə, məni araya qoyub gülürdülər. Ağladım... Təəssüf, çox təəssüf... Ora karvansara olub, ruslar tariximizi dağıtmaq üçün abidəni kinoteatra çevirmişdi, ancaq tamamilə dağıtmağa əli gəlməmişdi. Öz azərbaycanlılarımız isə tariximizi yerli-dibli silir».
Mədəniyyət və Turizm Nazirliyindən «Qaynar xətt»ə bildirilib ki, kinoteatr Nazirliyin balansından çıxarılıb.
«BƏRPA BAHALI İŞDİR»
Ekspert Fidan Ağayeva deyir, paytaxtdakı tarixi abidələr əvvəl «bərpa olunur». Bu «bərpa» zamanı abidələrin qədimliliyindən əsər-əlamət qalmır. Daha sonra tarixi iz qalmayan abidə qədim abidələr siyahısından kənarlaşdırılır, özəlləşdirilir, satılır və dağıdılır:
«Abidəni memarlıq incisi edən elementlər yoxa çıxır. Yadınızdadırsa, metronun «Nizami» stansiyasının yanı, daha dəqiq, Cəfər Cabbarlı küçəsinin hər iki tərəfində yerləşən tarixi binalarda bərpa-yenidənqurma işləri aparıldı. Nəticədə o binalarda tarixdən əsər-əlamət belə qalmadı. O binaları bəzəyən balaca heykəllər vardı. İndi o heykəllər yoxdur. «Bərpa» adıyla abidələrin xarici görünüşü də təhrif olunur. Tarixə biganəlik var. Bu, açıq-aşkar görünür. «Bərpa» olunan tarixi abidələrə gedib orada işləyənlərlə söhbət edirik. Bəlli olur ki, qeyri-peşəkardırlar, pula görə işləyirlər. Bərpa bahalı işdir. Laboratoriyalar işləməlidir onun üstündə illərcə. Nizami-77-dəki dövlət tərəfindən qorunan «Vətən» kinoteatrı da artıq tarixi abidə deyil. O, fundamental bina idi və əslində belə «bərpa»ya ehtiyacı yox idi, zatən orada «bərpa» işləri aparılanda özəlləşdiriləcəyi və satılacağı bəlli idi».
MƏHKƏMƏYƏ VERƏ BİLƏRLƏR
Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, kinoteatrın binası bir müddət öncə hərraca çıxarılaraq özəlləşdirilib. Daha sonra həmin sahibkarlar arasında binadan çıxma məsələsində problem yaranıb. Bu yaxınlarda narazılıq aradan qaldırılıb və bina boşaldılıb. İyunun 4-də söküntüyə başlanıb. Hazırda ərazidə ağır texnikalar çalışır, bina sökülür. Yerində ticarət obyektinin tikintisi gözlənilir.
Hüquqşünas Vaqif Alıyev deyir, vətəndaşlar tarixi abidələrin məhvinə görə rəsmi qurumları məhkəməyə verə bilər:
«Hətta bunu hər hansı vətəndaş təkbaşına da edə bilər. Tarixi abidələr qanunla qorunur və qəsdən məhv edilməsi cinayət əməlidir».