Prezident İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsinin iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə orden-medallar alanlara birdəfəlik yardım verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 manat veriləcək. Onda həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden- medallarla təltif edilmiş şəxslərə isə 750 manat verilməsi nəzərdə tutulub.
Sərəncamın icrası məqsədilə Prezidentinin ehtiyat fondundan 2.9 milyon manat vəsait ayrılıb.
İkinci Dünya müharibəsinə dair birdəfəlik ödəmə 3 min 729 şəxsə şamil olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Qələbənin 78-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçısı olmuş 57 nəfərin hər birinə 1500 manat birdəfəlik yardım ödəniləcək.
İkinci Dünya müharibəsi zamanı Azərbaycan SSRİ-nin tərkibində olub. O vaxt Azərbaycan SSR-dən cəbhəyə 600 min insanın yola salındığı, onlardan təqribən yarısının geri dönmədiyi bildirilir.