'Məmurların balıqçılıq təsərrüfatıma gözü düşüb' - Sahibkar

Balıq

«Məmurlar balıqçılıq təsərrüfatımı dağıdır. Kanallar vasitəsilə mənə məxsus göllərin suyunu ətrafa yönləndirirlər. Lazımsız sahələri su basır, əvəzində sənədlə-sübutla istifadəmdə olan göllərim quruyur, hər həftə yüzlərlə balıq tələf olur. Bu da o deməkdir ki, hər həftə azı 20 ailə evinə çörək apara bilmir, qurduğum iş isə hər həftə bir az da çökür».

Masallının Xallıcalı kənd sakini Vidadi Quliyev uzun müddətdir ki, yaşadığı kəndin yaxınlığında balıqçılıq təsərrüfatı yaradıb. Yanaşı olan iki göldə müxtəlif növ balıq yetişdirməklə məşğuldur. Lakin deməsinə görə, yerli məmurlar ona qurduğu işi davam etməyə imkan vermirlər. Fəaliyyətinin tam qanuni olmasına baxmayaraq, demək olar ki, hər gün əngəllərlə qarşılaşır.

«GÖZLƏRİ HAZIR TƏSƏRRÜFATA DÜŞÜB»

Sahibkar deyir, gölün biri 61, digəri 7 hektardır. 20 ildən çox imiş ki, fəaliyyətsiz qalıb, zibilliyə çevrilibmiş. Dediyinə görə, 7 il əvvəl 150 min manat xərc çəkərək gölləri bərpa edib, 44 min manatlıq müxtəlif növ balıq alaraq gölə buraxıb.

***Buna da bax-Azərbaycanda balıq bahalaşa bilər: Süni göllər qurudulur

İndiyədək təkcə balıqların yemlənməsinə 67 min manat xərcləyib. Dövlət Əmlak Komitəsindən iri gölə şəhadətnamə, kiçik gölə Çıxarış var. Bununla belə, yerli məmurlar sahibkara əngəllər yaradır. Sahibkar danışır:

«Masallının icra hakimiyyətinin işçiləri, demək olar, hər gün göl kənarına gəlirlər, gölün suyunu açıb ətrafa buraxırlar. Məqsəd də odur ki, məni incidə-incidə qurduğum işdən könüllü imtinama nail olsunlar. Gözləri qurub yaratdığım hazır təsərrüfata düşüb. Son həftədə 200-dən çox balıq tələf olub. Bu göldən azı 20 ailəyə hər ay 300 manat maaş gedir. Bu o deməkdir ki, kənddə azı 20 ailənin çörəyi var. Gəlin, kənddə qapıları döyün, soruşun, görün hansı ailəyə ayda 300 manat maaş gəlir? Hansı məmur hansı kəndliyə iş, çörək verir?».

«BU, HANSI MƏNTİQƏ UYĞUNDUR?»

Sahibkar deyir, hər həftə tələf olan təkcə balıqlar deyil, həm də onun təsərrüfata yatırım etdiyi puldur.

***Buna da bax-Coratlıların dəryada balıq sevdası...

Sahibkar prezidentə, Birinci vitse-prezidentə, Baş Prokuror yanında Korrupsiya ilə Mübarizə İdarəsinə və daha bir neçə aidiyyəti quruma şikayət edib. Deyir, bütün şikayətlərin sorağını da hər dəfə göl ətrafına gələn icra hakimiyyətinin işçilərindən alır. Çünki şikayətlər araşdırılmağa həmin quruma göndərilir:

«Mən Korrupsiya ilə Mübarizə İdarəsinə yazıram ki, icra hakimiyyəti məni incidir, idarə isə həmin şikayəti araşdırmaqdansa, götürüb icra hakimiyyətinə göndərir ki, «sən araşdır». Eləcə də, digər qurumlar... Bu, hansı məntiqə uyğundur?».

«TORPAĞI ZƏBT EDİB ÇƏLTİK ƏKİRLƏR»

Kənd sakini Əlikram İsmiəliyev də kənd təsərrüfatı ilə məşğul olur. Deyir, məmurların ailələri və yaxınları suyu öz əkin sahələrinə verir, nəticədə kənd sakinlərinin sahələri susuzluqdan yanır:

***Buna da bax-Qadağan olunmuş torla balıq tutuanlar...- [Reportaj]

«Xallıcalının yüz hektarlarla torpağını zəbt edib çəltik sahələri əkiblər. Suyu öz sahələrinə ötürürlər, heç çəltiyi də yaxşı əkə bilmirlər, məhsul da götürmürlər, ara yerdə adamların sahələri susuzluqdan yanır. Halbuki, əkin sahələri kasıb kəndlinin yeganə dolanışıq yeridir. Gəlin, baxın, əkirlər, məhsul da yarada bilmirlər, gəl ki su o ərazilərə boşuna axıdılır. Bunu Allah da götürməz».

«TORPAQ KƏNDLİNİNDİR»

Masallı rayon İcra Hakimiyyəti isə sahibkarların iddiaları ilə razılaşmır. Qurumdan «Qaynar xətt»ə bildirilib ki, Vidadi Quliyev balıqçılıq təsərrüfatı kimi istifadə etdiyi gölün yalnız bir hissəsinə sənəd alıb. Bir hissəsini isə zəbt edib və qanunsuz sahibkarlıqla məşğul olur. Qanunla sahibkarın istismarında olmayan gölün suyu isə yaxınlıqdakı kəndlilərə məxsus çəltik sahələrinə verilir. Bir sözlə, qurum sahibkarın iddiasını əsassız sayır.

Əkin sahələrinin məmurların və onların yaxınları tərəfindən zəbt olunması ilə bağlı deyilənlərə gəlincə, icra hakimiyyəti bunu da təkzib edir:

«Torpaq kəndlinindir, əkib məhsul götürməsinə də aidiyyəti qurumlar hər cür şərait yaradıb. Kimsə öz istifadəsində olan torpaq sahəsini kiməsə satırsa və alan adam orada arpa, buğda, çəltik əkib məhsul götürürsə, bunu aparıb başqa yerlərə bağlamaq lazım deyil. O əkin sahələrinin hər hansı məmurla yaxından, uzaqdan heç bir əlaqəsi yoxdur. Varsa, konkret ad çəksinlər».

Sahibkar Vidadi Quliyev isə balıqçılıq təsərrüfatının əlindən alınmaması üçün prezidentə bir daha müraciət edib.