İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 il azadlıqdan məhrum edildi.
Külli miqdarda yeyinti, rüşvətalma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunan Hacıyevə iyulun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Hökmə əsasən, onun əmlakı da müsadirə olunub.
Hökmdən əvvəl son sözünü deyən Vilyam Hacıyev prezident İlham Əliyev və onun atası, mərhum prezident Heydər Əliyev tərəfindən xidmətlərinə görə dəfələrlə mükafatlandırıldığını yada salıb.
O bildirib ki, Xocalı faciəsi ərəfəsində şəhəri əhalinin təxliyəsi məqsədilə helikopterlə təmin edib. Naxçıvan blokadada olduğu zaman xidmətlərinə görə Heydər Əliyev 1992-ci il mayın 10-da onu “Naxçıvanın Fəxri Vətəndaşı” adıyla təltif edib. Sabiq icra başçısı Qarabağ müharibəsi veteranı olduğunu vurğulayıb.
“Prezident İlham Əliyev icra başçısı olduğum rayonlara səfərlərində kameralar qarşısında dəfələrlə məni tərifləyib. Mən həmişə demişəm ki, İlham Əliyevin əsgəriyəm, bu gün də əsgəri olaraq qalıram. Dövlətimin, xalqımın prezidentimin yanındayam. Xahiş edirəm, xidmətlərimi nəzərə alaraq, barəmdə ədalətli və humanist qərar verəsiniz”, – Hacıyev məhkəmədə son sözünü belə yekunlaşdırıb.
2004-2006-cı illərdə Göygöl, 2006-2012-ci illərdə Samux, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı olmuş Vilyam Hacıyev 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunub.
Vilyam Hacıyevin evindən və iş otağından tapılan 1 milyon 6400 avro, funt sterlinq, İsveçrə frankı və başqa valyutalarda olan pulların müsadirə olunub dövlət nəfinə keçirilməsinə qərar verilib.
Nardaran qəsəbəsində bağ evi, Nərimanov, Abşeron rayonlarında mənzillər və başqa daşınmaz əmlaklar, avtomobillər də müsadirə olunub. Bunların isə yeyinti nəticəsində müxtəlif dövlət orqanlarına dəymiş ziyanın ödənilməsinə yönəldilməsi haqqında qərar çıxarılıb.
Hacıyev özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu deyir. Prokuror ittihamların məhkəmədə sübuta yetirildiyini deyərək ona 13 il həbs cəzası istəmişdi.