Rusiya prezidenti Vladimir Putin aprelin 6-da Kremldə baş nazirin müavini Yury Trutnev və Uzaq Şərq və Arktikanın inkişafı naziri Aleksandr Kozlovla görüşməklə özünütəcrid rejimini pozmayıb. Bu barədə Putinin sözçüsü Dmitry Peskov TASS xəbər agentliyinə bildirib.
Lakin AzadlıqRadiosunun Rus xidməti yazır ki, Kozlovun bu görüş zamanı dedikləri görüşün aprelin 6-da yox, bundan daha əvvəl keçirildiyini göstərir.
Kremlin saytında deyilir ki, görüş aprelin 6-da olub. Ölkə telekanalları da bu görüş barədə reportajları aprelin 6-da veriblər.
Amma Putinlə görüşdə Kozlov Zabaykalsk diyarının Kalar rayonuna səfəri barədə məruzə edib.
Kozlov bu barədə danışarkən “ötən həftə” ifadəsini işlədir. Amma əslində nazir həmin yerdə martın 13-də olub. Bu barədə nazirliyin saytında məlumat da var.
Rusiya jurnalistləri elə bu uyğunsuzluğa diqqət yetiriblər.
Beləki “ötən həftənin” martın 13-dən üç həftə əvvəl baş verdiyi məlum olur.
Putinin səhifəsində onun Moskva şəhərindən kənara son səfərinin martın 18-də yer aldığı qeyd olunur.
Burada onun Rusiya regionlarının – Kamçatka diyarının, Komi, Nenes muxtar dairələrinin və Arxangelsk vilayətinin yenicə təyin edilmiş başçıları ilə görüşündən söz açılmır.
Buna da bax: Putini koronavirusdan qoruyurlar
Peskov: “Kimlərlə əl tutub-tutmamağı Putinin özü bilər”
Hökumət üzvləri və səlahiyyətli nümayəndələrlə prezidentin son müşavirələləri videokonfrans formatında keçirilib.
Peskovun özü də israr edirdi ki, Putin belə rejimdə minimum daha bir həftə işləməli olacaq.
Prezident son dəfə öz yaxın çevrəsinə daxil olan adamlarla martın 26-da Novo-Oqaryovadakı iqamətgahında görünüb.
O martın 24-də koronavirus şübhəlilərinin yerləşdirildiyi Kommunarka xəstəxanasına baş çəkib.
Putinin ora səfərindən bir həftə sonra məlum olub ki, həmin xəstəxananın baş həkimi Denis Protsenko koronavirusa yoluxubmuş.
Bundan sonra Peskov demişdi ki, bu hadisə də prezidenti şəxsi təmaslarını məhdudlaşdırmalı olduğuna inandıran amillərdən biri olub.
Aprelin 6-da keçirilən görüşün videoyazısında Putinin iştirakçılarla əl tutub görüşdüyü görünür.
Amma Putinin mətbuat katibinin dediyinə görə o aprelin 1-dən heç kimlə əl verib salamlaşmır.
İndi isə Peskov deyir ki, kimlə əl tutub, kimlə əl tutmamağı prezidentin özü müəyyənləşdirir.
Aprelin 7-də Putini yenidən videokonfrans rejimində müşavirə keçirən görürük.
O bu dəfə ekspert viroloqlarla söhbət edirdi.
Buna da bax: ‘65 yaşdan yuxarı’ qadağanı Putinə aid deyil
2015-də də belə olmuşdu
Kreml daim məmurlarla görüşlərin videoyazılarını əvvəlcədən dərc etməklə belə bir təsəvvür yaradır ki, prezident bu görüşü sanki elə indicə keçirir.
2015-ci ildə buna bənzər hadisə baş vermişdi. O vaxt Putin 10 gün idi ki, ictimaiyyət arasında görünmürdü.
Amma bütün bu müddət ərzində mətbuat xidməti özünü elə aparırdı ki, sanki prezident öz işi ilə bağlı tədbirlərdədir.
Prezident administrasiyasının məmurları belə bir təsəvvür yaratmaq istəyirlər ki, 67 yaşlı keçmiş DTK podpolkovniki heç vaxt dincəlmir və bu iş barədə məlumat verən jurnalistlərin onu real olaraq iş vaxtı görməsinin elə bir əhəmiyyəti yoxdur.