Avqustun 13-də az24saat.org saytının təsisçisi Vüqar Qurdqanlı (Ələkbərov) saxlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Turan"a verilən məlumata görə, o, ayrı-ayrı vətəndaşlara müxtəlif vədlər verərək 100 min manatdan artıq pulu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli sayılır.
Onun barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Vəkil Mehman Muradlı isə hesab edir ki, 178 və 178 2.4-cü (dələduzluq və dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələr ilə Qurdqanlıya qarşı irəli sürülən ittihamlar əsassızdır.
Müdafiə tərəfindən bildirildiyinə görə, o, avqustun 13-də saxlanıb və həmin gün Xətai rayon Məhkəməsi onun barəsində 1 ay 12 gün müddətinə həbs-qətimkan tədbiri seçib. Bu maddələrlə şəxsə 5 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.
az24saat.org hələ 2018-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin şikayəti əsasında Bakının Səbail rayon Məhkəməsi qərarı ilə bloklanıb. Buna səbəb kimi saytda ölkə qanunvericiliyinin tələblərinin pozulduğu yazıların dərci göstərilib. Sayt rəhbərliyi isə bunu düzgün saymayıb.
Bundan sonrakı dövrdə Qurdqanlı sosial şəbəkələrdə materiallar dərc edirdi. Onun yazılarında hökumətə və dövlət orqanlarına qarşı tənqidlər yer alırdı.
Azərbaycanın yerli hüquq müdafiəçilərinin hazırladıqları siyahılara görə, ölkə həbsxanalarında hazırda 300-ə yaxın siyasi məhbus var. Amma rəsmilər, ümumiyyətlə, ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.