"Windows"un işində qlobal miqyasda kəsinti yaranıb, dünyanın müxtəlif ölkələrində aeroportlar, vağzallar, banklar, digər qurumlar işi dayandırmalı olublar.
ABŞ, Türkiyə, Hindistan, Avstraliya aviaşirkətləri, Almaniya və İspaniyada aeroportlar, Böyük Britaniyada dəmiryol vağzalları nasazlığın təsirinə məruz qalıb. "Sky News" telekanalı efiri davam etdirə bilməyib.
İspaniya bütün aeroportlarında kompüter insidentinin yaşandığını bildirib.
Avropanın sərnişin sayına görə ən böyük aviaşirkəti olan "Ryanair" sərnişinlərə mümkün pozuntularla bağlı xəbərdarlıq edib.
Avstraliya media, banklar və telekommunikasiya şirkətlərindəki problemin "CrowdStrike" qlobal kibertəhlükəsizlik şirkəti ilə bağlı olduğunu deyib.
"Microsoft" şirkətinin məlumatına görə, "Windows 10" əməliyyat sistemində nasazlıq "CrowdStrike" antivirus proqramının yenilənməsi zamanı baş verib. Şirkət bunun kiberhücum olmadığını, fəsadların yumşaldılmasından ötrü tədbirlər görüldüyünü açıqlayıb.