İyulun 25-da yeni yaradılmış NATO-Ukrayna Şurası Brüsseldə ilk iclasında Qara dənizdə təhlükəsizlik məsələsini müzakirə edəcək. Bu arada Ukraynanın şərqi Xarkov vilayətində Rusiya qüvvələri ilə ağır döyüşlərin getdiyi xəbər verilir.
NATO-Ukrayna Şurasının iclası səfirlər səviyyəsində olacaq. Bundan öncə Rusiya taxıl ixracı sazişini uzatmaqdan imtina edib, Ukraynanın Odessa Qara dəniz limanındakı taxıl ixracı obyektlərinə intensiv zərbələr endirib.
Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın Baş naziri Rişi Sunak (Rishi Sunak) ilə Ukrayna taxılının beynəlxalq bazarlara axınını təmin etmək barədə danışıb.
Rusiya son günlər NATO üzvü Rumıniya ilə sərhədə yaxın Dunay limanlarında ərzaq ixracı obyektlərini də hədəfə alıb.
Kiyev Moskvanı məhz taxıl təchizatı və infrastrukturunu hədəfləməkdə suçlayır. Qara dənizdən taxıl ixracı sazişi isə ötən il BMT və Türkiyənin vasitəçiliyi ilə əldə olunub və bundan sona qlobal ərzaq böhranı nisbətən səngiyib.
Buna da bax: Ukrayna müharibəsini iş yeri sayanlar. 'Kimsə qəbri dağıda bilər'Cəbhədə nə baş verir
Ukrayna qüvvələri son 24 saat ərzində Xarkovda Rusiyanın saysız hücumlarının dəf olunduğunu deyirlər. Həmçinin cənubi Zaporojye vilayətində mərhələli hücum da davam etdirilir.
Ordunun məlumatına görə, Rusiya qüvvələri Zaporojye və Xerson vilayətlərində 30-dan çox yaşayış məntəqəsinə hava zərbələri endirib.
Donetsk vilayətindəki Kostiantinovkada çay sahilinə Rusiyanın zərbəsi nəticəsində yaralanmış 12-yaşlı qız ölüb və bununla da 24 iyul hücumunda ölənlərin sayı üçə çatıb. Ölənlərin biri 10-yaşlı oğlandır.
Yardım paketləri
ABŞ iyulun 25-də Ukraynaya əlavə olaraq 400 milyon dollarlıq təhlükəsizlik paketini açıqlayıb. Paketə havadan müdafiə sursatları, zirehli maşınlar, antitank silahları və digər “kritik hərbi yardım” daxildir.
Pentaqondan öncə isə Avropa İttifaqı Ukraynada infrastrukturun bərpasına 1.5 milyard avroluq ($1.66 milyard) yardım ayrıldığını elan edib.
ABŞ-ın paketinə Patriot havadan müdafiə sistemləri və NASAMS yer-hava raket sistemləri, Stinger təyyarə əleyhinə sistemlər üçün sursatlar, HIMARS raket sistemləri üçün əlavə sursat, müxtəlif növ mərmi və raket daxildir.
Dövlət katibi Entoni Blinken (Antony Blinken) bəyanatında deyib ki, Birləşmiş Ştatlar müttəfiqləri və tərəfdaşları ilə birlikdə Ukraynanın yanında olmağa davam edəcəklər.