Türkiyə məhkəməsi jurnalist Camal Xaşoqinin qətli işinin Səudiyyə Ərəbistanına transfer olunmasına qərar verib. 26 səudiyyəli Türkiyədə qiyabi mühakimə olunurdu.
“İşi dayandırıb Səudiyyə Ərəbistanına təhvil vermək qərarına gəldik”, – baş hakim aprelin 7-də bildirib.
“Washington Post”un köşə yazarı Camal Xaşoqi 2018-ci ildə Səudiyyənin İstanbuldakı konsulluğunda qətlə yetirilib. Onun cəsədi indiyədək tapılmayıb. Vəliəhd şahzadə Məhəmməd bin Salmanın tənqidçisi hesab edilən Xaşoqinin səudiyyəli agentlər tərəfindən öldürüldüyü güman edilir.
Buna da bax: ABŞ jurnalistin qətlinə görə 76 səudiyyəliyə viza qadağası qoyurDövlət ittihamçıları işin Səudiyyəyə təhvil verilməsini istəmişdilər, onlar Türkiyədə aydın qərar çıxarılmasına inanmadıqlarını deyirdilər. Ədliyyə naziri də transferi dəstəkləyib.
İnsan haqları fəalları və Xaşoqinin keçmiş nişanlısı isə hakimiyyəti işi Türkiyədə davam etdirməyə çağırırdı. Onların fikrincə, əks halda qətl ört-basdır olunacaq.
Ankara son vaxtlar ər-Riyadla münasibətləri düzəltməyə çalışır. Jurnalistin qətlindən sonra əlaqələr xeyli pisləşmişdi.