X.İsmayıl haqda hökmdən şikayət

Xədicə İsmayıl

-

Araşdırmaçı jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın 7,5 il azadlıqdan məhrum edilməsi ilə bağlı Apelyasiya Məhkəməsinin yekun qərarından kassasiya şikayəti verilib.

Bu haqda onun vəkili Fəxrəddin Mehdiyev AzadlıqRadiosuna deyib.

Vəkil bildirib ki, kassasiya şikayəti yanvarın 15-də Ali Məhkəməyə təqdim edilib.

Xədicə İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilib. O Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib.

Jurnalist ittihamları qəbul etmir. O, siyasi haklimiyyəti tənqid etdiyinə və ölkə başçısının ailə biznesini araşdırdığına görə məhkum olunduğunu bildirir.

Beynəlxalq qurumlar siyasi rəhbərliyi jurnalisti azad etməyə çağırıblar.