-
Xədicə İsmayılın həbsxanada tərcümə etdiyi bədii əsər – «Cakaranda ağacının uşaqları» (Children of the Jacaranda Tree) tezliklə yayımda olacaq.
Bu barədə jurnalistin dostu Şahvələd Çobanoğlu Facebook səhifəsində məlumat yayıb.
Əsərin müəllifi Sahar Delijani 1983-cü ildə Tehranda - anasının həbsə atıldığı məşhur Evin həbsxanasında doğulub. Həmin vaxt onun atası da anası kimi siyasi məhbus olaraq həbsdə idi. Sahar Delijani 1996-cı ildə ailəsi ilə birlikdə ABŞ-a köçüb və Kaliforniyada Berkli Universitetində müqayisəli ədəbiyyat ixtisası üzrə məzun olub.
«Cakaranda ağacının uşaqları» müəllifin ilk romanı olsa da, dərhal şöhrət qazanaraq 28 dilə tərcümə edilib və 75-dən çox ölkədə nəşr olunub. Əsər bir çox ədəbi mükafatlarla təltif olunub və nüfuzlu dünya KİV-lərində onun barəsində yüksək rəylər dərc edilib.
«BU DİL MƏNİM ÜÇÜN HƏR ZAMAN DOĞMADIR»
Sahar Delijani azərbaycanca nəşrə ön sözdə yazır ki, onun əsərinin çox tərcümələri olub. Amma heç biri Xədicə İsmayılın tərcüməsi qədər onu təsirləndirməyib. Birincisi ona görə ki, onu azadlıq uğrunda çalışmalarına görə həbsə düşən mübariz bir insan tərcümə edib. İkinci səbəb də odur ki, Xədicə İsmayıl özü də bilmədən müəllifin əsərini onun ana dilinə tərcümə edib:
«Mənim anam Azərbaycan əsillidir. O, İranın Azərbaycan əyaləti olan Təbriz şəhərində anadan olub. Sonradan doqquz yaşında ikən ailəsi ilə birgə Tehrana köçüb. Valideynlərimiz 1980-ci illərdə İran İslam Respublikasının həbsxanalarında olanda, bizi böyüdən nənəm Aba farsca bilməzdi. Bizimlə, nəvələri ilə ancaq azərbaycanca danışardı. Mən azərbaycanca, zəif olsa da, basa düşürəm və danışıram. Bu dil mənim üçün hər zaman doğmadır. Heç bir başqa dil mənim qəlbimdə onun yerini tuta bilməz», - deyə müəllif qeyd edib.
Xədicə İsmayıl 2014-ci il dekabrın 5-də həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 7 il 6 ay həbs cəzası verilib.