Bakıdakı 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına 30 ilə yaxın rəhbərlik etmiş Rəsul Baxşəliyev yarım milyon manatdan artıq mənimsəmədə suçlanır. 1992-2021-ci illərdə bu xəstəxananın baş həkimi olmuş Baxşəliyevin bir sıra şəxslərin adlarını xəstəxanada bağban, tibb bacısı, sanitar, həkim kimi rəsmiləşdirdiyi, lakin özlərinin işə gəlmədiyi iddia olunur. Onların arasında baş həkimin öz qızı Sitarə də olub. O, qeydiyyatçı kimi işə götürülsə də, heç vaxt işə gəlməyib. Amma maaş kartına aylıq 270 manat pul köçüb.
Məbləğlə razı deyil
Cinayət işinin materiallarında bildirilir ki, baş həkimin özünə yaxın olan, adı rəsmiləşdirilmiş şəxslərin maaş kartları özlərində olub. Amma bir xeyli adam da var ki, onların maaş kartları baş həkimin müavini olmuş Zinyət İsmayılovada olub. İsmayılova hər ay o kartlardan maaşları çıxararaq baş həkimə çatdırıb. Adları işçi kimi rəsmiləşdirilib, əslində isə xəstəxanada işləməyən şəxslərin adlarına açılmış maaş kartları vasitəsilə 2009-2021-ci illərdə 629 min manat büdcə vəsaitinin mənimsənildiyi iddia olunur.
Buna da bax: İddia: O kartlardakı pullar mənimsənilibHəm baş həkim Baxşəliyev, həm də müavini İsmayılova CM-nin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsi ilə ittiham olunur. Bu maddədə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Onların heç biri hazırda həbsdə deyil.
85-yaşlı Baxşəliyev özünü qismən təqsirli bildiyini deyib: "Həm məbləğlə razı deyiləm, o qədər olmayıb. Həm də mən tək deyiləm. Bu işi təkbaşına görməmişəm".
"Bunun içində öz maaşım da vardı"
Baxşəliyev səhhətindəki problemlərlə əlaqədar məhkəmədə ətraflı ifadə verə bilməyib. O, istintaqdakı ifadəsində isə deyib ki, müavini İsmayılova hər ay kartlardan pulları çıxarıb ona verirdi. Həmin vəsaitləri sonra öz aralarında bölürdülər: "Zinyət İsmayılova hər ay maaş kartlarından 2 min manat çıxarıb mənə verirdi. Bunun içində mənim öz maaşım da vardı - 400 manat".
Adları işçi kimi rəsmiləşdirilmiş, amma maaş kartı olmayan şəxslərə gəlincə, sabiq baş həkim deyir ki, onlara iş stajı yazılırdı deyə, buna razılaşmışdılar.
Buna da bax: Rüşvətdə suçlanan klinika direktoru: 'İpotekada olan ev, maşından başqa nəyim var?'Baxşəliyev əməlindən peşman olduğunu vurğulayıb. O da məlum olub ki, istintaq dövründə ziyandan 263 min manat ödənilib.
İsmayılova da özünü qismən təqsirli bildiyini deyir: "Kartlar mənə verilib, mən də çıxarıb vermişəm. Mən işimi görmüşəm".
Xəstəxananın başqa bir işçisi Afət İbrahimova, bağban kimi rəsmiləşdirilmiş Əli Əliyev də təqsirləndirilən şəxslər sırasındadır.
"Nə pul görmüşəm, nə də pul yemişəm"
İbrahimova da özünü qismən təqsirli bilir. Maaş kartlarının bir neçəsi onda olub. Onun sözlərinə görə, həmin kartlardan çıxardığı pulları baş həkimin müavininə verib. Yalnız sənəd üzərində adı olan işçilər sırasında İbrahimovanın bacısı və daha bir qohumu da olub.
Əliyev isə, ümumiyyətlə, özünü təqsirli bilmir: "Mən xəstəxanada sürücü işləmişəm. Mən nə pul görmüşəm, nə də pul yemişəm". İş materiallarında iddia olunur ki, İsmayılova bir neçə dəfə pul çıxarmağa Əliyevlə birlikdə gedib.
Xəstəxanada yarım milyondan artıq yeyinti ilə bağlı məhkəmə araşdırmaları davam edir.