Azərbaycan Mərkəzi Bankı (AMB) dünən, aprelin 27-də "Atabank" ASC, "AGBank" ASC, "NBCBank" ASC və "AmrahBank" ASC-yə inzibatçı təyin edib. "Qanunvericiliyə uyğun olaraq, qeyd olunan bankların idarə olunması üzrə bütün sәlahiyyәtlәr, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvəqqəti inzibatçıya keçib", - AMB vurğulayıb.
Bu bankların taleyi necə olacaq? Həmin banklardakı əmanətlər qaytarılarsa, bu məsələdə problem yaşanmayacaq ki? Nəhayət, hazırda Azərbaycanın bank sektorunda vəziyyət necədir?
Bank sahəsi üzə ekspert Əkrəm Həsənov AzadlıqRadiosuna deyib ki, həmin dörd banka inzibatçı təyin olunmasının başlıca səbəbi onlarda pul çatışmazlığıdır.
Amma ekspert düşünür ki, "AmrahBank" və "AGBank"ın ciddi maliyyə problemi olmayıb. Onun deməsinə görə, digər iki bank isə son dönəmlər vətəndaşların əmanətlərini qaytarmayıblar:
"Əmanətlər üç aya qaytarılmalıdır"
"Normal iqtisadi sistemdə belə bankların taleyini Mərkəzi Bank (MB) bir-iki həftəyə həll edir. Ya müəyyən etməlidir ki, bank müflisdir və belə bank bağlanmalıdır, ya da desin ki, bank müflis deyil, müvəqqəti problemləri var, banka kredit verməlidir ki, əmanətləri qaytara bilsin".
Buna da bax: Deputat: 'Belə amnistiya çoxdan verilməlidir'
Ekspert deyib ki, bank müflis elan olunsa, əmanətlər üç aya qaytarılmalıdır. O xatırladıb ki, əmanətlər tam şəkildə sığortalanıb.
Ə.Həsənov vurğulayıb ki, hazırda fəaliyyət göstərən bir çox banklarda da maliyyə çətinlikləri var.
"Vətəndaş depozitlərini vaxtında ala bilmirdi"
İqtisadçı Natiq Cəfərliyə görə isə, bu banklar haqqında verilən qərar bir xeyli gecikib: "Bu qərar 2018-ci ildə verilməli idi, vətəndaşlar depozitlərini belə vaxtında ala bilmirdi".
N.Cəfərliyə görə, indi də bu qərarın verilməsi üçün əlverişli zaman deyil. Onun deməsinə görə, indi insanlarda manatın gələcək taleyi, bank sektoru ilə bağlı ciddi düşüncələr var.
İqtisadçı deyib ki, ümumilikdə bank-maliyyə sisteminin kifayət qədər problemləri var, bunlar payız aylarında daha çox üzə çıxacaq:
Buna da bax: Deputat: '3 ay kredit ödənilməsində güzəştlər edilsin'
"Dünyanın müxtəlif analitik mərkəzləri, beyin mərkəzləri, iqtisadi qurumları pandemiya (koronavirus) dövründən əvvəlki şəraitə qayıtmaq üçün, ən azı, bir, iki il lazım gələcəyini deyirlər. Odur ki, indidən nəyəsə ümid etmək əbəsdir. Çox təəssüf ki, problemlər ertələnir. Bu problemlər də daha ciddi problemlər yarada bilər".
Hələlik, bu fikirlərə inzibatçı təyin edilən banklardan və Azərbaycan Mərkəzi Bankından münasibət almaq mümkün olmayıb.
Müstəqil mənbələrdən verilən məlumata görə, həmin banklarda 812.5 milyon manat əmanət qalıb. Amma bu məlumatı da rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.
Mərkəzi bankın sədri iki həftə öncə nə demişdi?
"... Bank sektorunun likvidlik səviyyəsi bugün qənaətbəxş səviyyədədir. Mərkəzi Bank tərəfindən banklara lazımi dəstək verilir. İlin əvvəlindən bank sektoruna 627 milyon manat səviyyəsində dəstək verilib. Bunun başlıca istiqamətləri ipoteka sisteminin dəstəklənməsi, qiymətli kağızlar bazarına dəstək, Beynəlxalq Bank, bizim sistem xarakterli banka dəstəkdir. O cümlədən, Sizin göstərişinizlə bilavasitə ölkənin ərzaq ehtiyatlarının artırılmasına dəstək vermişik". Bunu isə Mərkəzi Bankın sədri Elman Rüstəmov iki həftə öncə, aprelin 14-də 2020-ci ilin birinci rübünün yekunlarına dair dövlət başçısı İlham Əliyevin yanında keçirilən müşavirədə demişdi.
Xatırlatma
2015-ci ildə Azərbaycanda iki devalvasiya baş verib (Dünyada neftin qiyməti kəskin ucuzlaşandan sonra). Bunun nəticəsində manat dollar qarşısında iki dəfə dəyər itirib. Nəticədə 10-dan çox bank bağlanıb. Bu, onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilib. Bu ilin əvvəlindən də dünyada neft təqribən üç dəfə ucuzlaşıb. Azərbaycanın ixracının təqribən 90 faizi neft və qazın payına düşür.