“Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları İnstitutu (IBAHRI) əlaqəli qurumları Yalçın İmanovun vəkillik səlahiyyətlərini bərpa etməyə səsləyir”.
“Turan” Agentliyinin xəbərinə görə, adıçəkilən təşkilatın bəyanatında belə yazılır.
IBAHRI hesab edir ki, Yalçın İmanovun vəkillik səlahiyyətlərinin dayandırılması barədə noyabrın 20-də verilən qərar dərhal ləğv edilməli, onun peşəkar fəaliyyətinə şərait yaradılmalıdır.
“İmanov jurnalistlər Xədicə İsmayılova, Nicat Əliyev, habelə Məmməd İbrahim, Fuad Qəhrəmanlı və Murad Adilov kimi siyasi müxalifətçilərin vəkili olub. Vəkillər Kollegiyasının bu qərarı İmanovun müdafiə etdiyi şəxsləri təmsil etməsinə mane olur”, – bəyanatda qeyd edilir.
Buna da bax: Vəkil Yalçın İmanov kollegiyadan çıxarıldı
IBAHRI həmsədri Yens Korell isə məsələ ilə bağlı bunları bildirib.
“Vəkıllər Kollegiyasının əsas funksiyası hüquqşünasların maraqlarını müdafiə etməkdir. Amma Azərbaycanda hüquqşünasların qorunması və təminatları sahəsində ciddi çatışmazlıqlar var. İnsan hüquqlarının pozulması ilə bağlı narahatlığını ifadə edən, mənfi hallar haqqında danışan vəkillər intizam cəzalarına məruz qalır”.
Bəyanatda daha sonra yazılır:
“İmanov peşə öhdəliklərini yerinə yetirdiyinə görə cəzalandırılmamalıdır. Biz cənab İmanovun vəkillik səlahiyyətlərini təcili bərpa etməyə səsləyirik”.
Buna da bax: 'Kollegiya'ya daxil olmayan vəkillər niyə narahatdır? [video]
Bəyanata, hələlik, Vəkillər Kollegiyasından münasibət almaq mümkün olmayıb.
XATIRLATMA
Vəkillər Kollegiyası Rəyasət Heyəti noyabrın 20-də Y.İmanovun bu qurumdan xaric olunmasından ötrü məhkəməyə müraciət etmək haqda qərar qəbul edib. Məhkəmə qərar verənə qədər İmanovun vəkillik fəaliyyəti dayandırılır.
Bu qərar avqustda Penitensiar Xidmətin rəis əvəzi olan Oqtay Məmmədovun şikayəti əsasında verilib. Məmmədov vəkilin hüquqlarını müdafiə etdiyi Abbas Hüseynova istinadən onun Qobustan Qapalı Həbsxanasında işgəncəyə məruz qalması haqda açıqlamasına etiraz edib.
Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş və Qobustan həbsxanasında saxlanılan A.Hüseynov vəkilinə yazılı izahatında göstərib ki, onu təcridxanadan gətirəndən dərhal sonra işgəncələrə məruz qalıb. Nardaran məhbusunun sözlərinə görə, həbsxananın rəisi və rəis müavini, müxtəlif əməkdaşları əllərini qandallayıb döyüblər.
Ədliyyə polkovniki O.Məmmədov isə iddia edib ki, Y.İmanov hüquqlarını müdafiə etdiyi şəxsə istinadən onun işgəncəyə məruz qalması haqda məlumat yaymaqla sabitliyi pozmağa çalışır.
“Ölkənin inkişafına qibtə edən qüvvələrin fəallaşmasına münbit şərait yaradır, Penitensiar Xidmət kollektivinin əhval-ruhiyyəsinə mənfi təsir göstərir», deyə şikayət məktubunda yazılırdı