Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Təşkilatı sədrinin keçmiş müavini Aytac Əliyevaya 7 il həbs cəzası kəsilib. O, Binəqədi rayon bələdiyyəsinin sədri olduğu dövrdə işə düzəltmək, torpağa sənəd vermək, bacısı ilə birgə qızıl alveri adı ilə adamları aldatmaqda suçlanır.
Dekabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində A.Əliyeva ilə yanaşı, bacısı İlknur Turkuta (Əliyevaya) da hökm oxunub. Ona 6 il həbs cəzası verilib. Ev dustaqlığında olan İ.Turkut hökm oxunanda məhkəmə zalındaca həbs edilib.
A.Əliyevaya saxta sənədlərdən istifadə ilə də bağlı ittiham verilib. İddia edilir ki, o, bələdiyyə sədri olduğu dövrdə Binəqədi ərazisindəki torpaq sahələri üçün vətəndaşlara saxta sənədlər verib.
A.Əliyeva özünü qətiyyən təqsirli bilməyərək deyir ki, ittihamda yazılanlar yalandır.
"Ölkədə olmadığım dövrdə guya gətirib mənə pul veriblər. Bu cür şeyləri necə deyirlər, yazırlar, anlamaq olmur", - o, məhkəmədəki son sözündə belə deyib.
Buna da bax: Külli miqdarda yeyinti iddiasında Qarabağla bağlı filmin də adı keçirXidmətlərindən danışan 38 yaşlı keçmiş bələdiyyə sədri ailə qurmadığını, gəncliyini dövlətə həsr etdiyini söyləyib: "Mən cavan qızam, gəncliyimi bu dövlətə, bu bayrağa qurban vermişəm. İndi şərlənib burada olmağım mənə pis təsir eləyir. Süfrəmdən çörək yeyənlər mənə qarşı nankorluq elədilər".
İ.Turkut da son sözündə təqsirsiz olduğunu deyib. Onun sözlərinə görə, uzun müddətdir qızıl alveri ilə məşğul olurmuş: "Mən heç kimi aldatmamışam. Əksinə, vaxtilə pul qazandırdığım, çörək verdiklərim gəlib burada mənim üzümə durdular".
Əliyeva bacılarının işi üzrə doqquz nəfər zərərçəkmiş qismində tanınıb. Onlara toplam yarım milyon manatdan çox ziyan dəydiyi iddia olunur. Zərərçəkmişlərdən bir neçəsinə dəymiş ziyan ödənilsə də, şikayətçi olanlar da var.
Təqsirləndirilən bacılar zərərçəkmişlərdən bir çoxunun yalan danışdığını, vurulan ziyanın məbləği ilə bağlı ittihamda göstərilən rəqəmlərin şişirdildiyini bildiriblər.