«Hələ ki əmək yarmarkası adıyla camaatı aldada bilirlər» - [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

Gəncədə işsizlər izdihamı

►“Gəncədə xadimələrə qədər çox adamı ixtisara salıblar”

Fevralın 5-də iş üçün əmək yarmarkasına axışan yüzlərlə Gəncə sakinini polis qarşılayıb.

Bir neçə gün öncə Gəncə şəhər Məşğulluq Mərkəzində 750 boş iş yeri üzrə əmək yarmarkası keçiriləcəyi elan edilmişdi.

Gəncədə əmək yarmarkası ilk dəfə deyil, keçirilir, amma iş ardınca bu qədər adamın birdən gəlməsi ilk dəfədir. Kütləvi işsiz axını etiraz aksiyasına çevrilib, yarmarka ləğv olunub.

Müsavat Partiyasının Gəncə təşkilatının keçmiş sədri Cahangir Əmirxanlı AzadlıqRadiosuna ölkənin ikinci şəhərindəki gün-güzərandan danışır:

- Gəncədə işsizlik çox artıb. Son illərdə quruculuq, abadlıq adı altında nə qədər iş yeri ləğv olunmuşdu. Yəni kiminsə kiçik bir dükanı, kababxanası vardısa, ordan qazanırdı, bu obyektləri ləğv elədilər. Yüzlərlə adam elə işsiz qaldı. Üstəlik, zavod-fabrik yox. Bəzi yerlərdə xadimələrə qədər bir çox iş yerləri ixtisar edilib. Ərzağın qiyməti çox qalxıb. Yaşadığım kücədə qapı-qapı gəzib doğru-dürüst işləyən adam tapa bilməzsiniz. Müəllimlərə qədər çox adamı ixtisara salıblar. Vəziyyət yaxşı deyil, amma məsələ burasındadır ki, camaat da nəyisə gözləyir. Rəhbərlik “əmək yarmarkası” adı altında hələ ki, camaatı aldada bilir.

- Işsizlik manatın ikinci devalvasiyasından sonramı artdı?

- Əvvəldən də çətin idi. Ancaq neft gəlirlərinin azalmasından, üstəlik manatın devalvasiyasından sonra bir çox idarədə ixtisarlar aparıldı. Gəncədə çox az ailə taparsan ki, kreditə girməsin. Çoxları banklara borcludu, iş də yox…

- Cahangir bəy, Gəncədə yaxınları Rusiyada çalışanlar necə, ailələrinə pul göndərirlərmi?

- Elə indiyə kimi Gəncəni az-çox Rusiyadan göndərilən pul saxlayırdı. İndi bu da azalıb. Ordakı vəziyyəti bilirsiz, üstəlik, dollar göndərilməsində də məhdudiyyət var. Bunun da böyük təsiri var, üstəlik, Rusiyada da vəziyyət pisləşdiyindən, qazanmaq imkanı azaldığından geri qayıdan çoxlu gəncəli tanıyıram. Elə işsizlərin sayı bir az da onların hesabına artıb. Saat 3-dən sonra çayxanalarda adam əlindən tərpənmək olmur. Çoxu da gənclərdir, boş-boşuna oturub ya domino oynayırlar, ya da söhbət eləyirlər.

- Bəs indi camaat nə ilə dolanır?

- Ağır vəziyyət hələ indi-indi başlayır. Kiminin ehtiyatı var, çıxarır, kimi təqaüd alır, hələ ki, birtəhər başlarını girləyirlər. Camaat hələ də ümidlə gözləyir ki, hökumət hansısa addım atacaq. Məni şəhərdə az-çox tanıyan var, şəhərə çıxanda yolboyu 10 adam məni saxlayıb soruşur ki, bu işlərin axırı nə olacaq, getdikcə dolanışığımız pisləşir deyirlər.

- Bəziləri düşünür ki, belə narazılıqlar ümumi etiraz aksiyasına çevrilə bilər...

- Bilirsiz, camaat hələ də qorxur. Bu gün o əmək yarmarkasında 1500 adam vardısa, 200 də polis var idi.

- Bəs əmək yarmarkasına gələnlərin etirazına səbəb nə olub?

- Mən özüm orda olmamışam. Ancaq bildiyim qədər adam çox gəlib, içəri keçə bilməyib, üstəlik, təklif edilən işlər də formal xarakter daşıyıb. Deyilənə görə, əsasən, su və elektrik idarələrindən iş təklifləri olub. İndi iş təklifləri barədə deyə bilmərəm, amma əvvəlki əmək yarmarkalarında məsələn, işıq idarəsinə təyinat verilib. adam gedəndə ona deyiblər ki, kimsə pensiyaya gedəcək, o gedəndə işə çağırarlar. Beləcə, adamların başını aldadırlar.

_____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________