YAP-çı deputat Rəsulzadəyə görə məhkəmə qarşısında

Naqif Həmzəyev

►"O, tarixi faktları saxtalaşdırıb"

Milli Məclisin deputatı, Gəncədən seçilmiş YAP-çı deputat Naqif Həmzəyev Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə haqda fikirlərinə görə məhkəməyə çəkilib.

Müsavat Partiyası məhkəmədə YAP-çı deputata qarşı iddia qaldırıb.

“AZƏRBAYCAN XALQINA TƏHQİRDİR”

İddia Gəncə şəhəri, Nizami rayon Məhkəməsində hakim Akif Zeynalovun icraatındadır.

Bu barədə AzadlıqRadiosuna vəkil Nemət Kərimli məlumat verərək bildirib ki, artıq iddia üzrə hazırlıq iclası keçirilib və iş məhkəmə baxışına verilib. Hazırlıq iclasında Naqif Həmzəyevin özü iştirak etməyib, prosesə nümayəndəsi qatılıb. Məhkəmə baxışı fevralın 3-nə təyin olunub.

"Naqif Həmzəyevin Rəsulzadəyə atdığı şər və böhtan Müsavat Partiyasının üzvlərinin dərin narahatlığına səbəb olub. O, çıxışında tarixi faktları saxtalaşdıraraq, ən əsası, Məhəmməd Əmin Rəsulzadənin şərəf və ləyaqətini təhqir edərək, etika qaydalarına sığmayan ifadələrdən istifadə edib. Onun bu açıqlamaları həm də Azərbaycan xalqına təhqirdir", - deyə Müsavat partiyasının məhkəmə iddiasında qeyd olunub.

Buna da bax: Daha 2 bank bağlandı

"ÜZR İSTƏSİN"

Partiya məhkəmədən YAP-çı deputatın Azərbaycan xalqından və Rəsulzadənin ailə üzvlərindən ölkə mətbuatında üzr istəməsi barədə qətnamə çıxarılmasını istəyir.

Naqif Həmzəyevə qarşı məhkəmə iddiasına səbəb olan fikirlər bir müddət əvvəl "Yeni Müsavat" qəzetində dərc olunub. Bildirilir ki, deputat jurnalistlərin də iştirak etdiyi qeyri-rəsmi tədbirdə Rəsulzadə haqqında bunları deyib: "Niyə Rəsulzadənin büstü və ya heykəli qoyulmalıdır ki?! Mən bu cür tarixi şəxsiyyət tanımıram. Heç bilirsiniz o Rəsulzadə respublika yaratmaq üçün nələr edib? Yaxşı şəxsiyyət olsaydı, qurduğu respublikanı qoruyub saxlayardı".

Naqif Həmzəyev isə Rəsulzadəni təhqir etmədiyini, fikirlərinin təhrif olunduğunu bildirib. Amma qəzetin rəhbərliyi də bunun əksini sübut edən səs yazısının olduğunu deyir.