Yanvarın 2-də Tokionun Haneda aeroportunda böyük sərnişin təyyarəsi və sahil qvardiyasının təyyarəsi toqquşub. Təyyarələr alışıb, ikinci təyyarədəki beş nəfər həlak olub.
"Japan Airlines" şirkətinə məxsus "Airbus A350" təyyarəsindən 379 nəfərin hamısı xilas edilib. Məlumatı nəqliyyat naziri Tetsuo Saito təsdiqləyib.
Sahil qvardiyasının "Dash-8" təyyarəsinin pilotu xilas ola bilsə də, beş heyət üzvü həlak olub. Təyyarə zəlzələ zonasına yardım aparmağa hazırlaşırdı.
Yanvarın 1-də Yaponiyanın qərbində baş verən zəlzələdə onlarla insan həlak olub.
A350 yerə enən zaman toqquşma baş verib. Təyyarə bütünlükdə alışıb, yanğının söndürülməsi altı saatadək çəkib.
Bu hadisə industriyanın ən yeni sərnişin təyyarələrindən olan "Airbus A350"yə ilk böyük ziyan sayılır. Bu təyyarə 2015-ci ildə kommersiya xidmətinə buraxılıb. Şirkət qəzanı araşdıran Yaponiya və Fransa rəsmilərinə kömək üçün mütəxəssislər göndərdiyini, təyyarənin "Japan Airlines"a 2021-ci ilin axırında çatdırıldığını bildirib.
NHK televiziyasının məlumatına görə, polis hadisəni peşəkar səhlənkarlıq şübhəsi ilə araşdıracaq.