32 hektar yanıb 

Sizin brauzer HTML5-i dəstəkləmir

Yardımlı və Masallıda yanğın: 'Camaat özü də kömək edir'

Yardımlı rayonu, Honuba kəndi yaxınlığında (mürəkkəb relyefli dağlıq ərazi), meşə zolağında baş verən yanğın söndürülüb.

Bu barədə bu gün, avqustun 5-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, yanğın zamanı 32 ha sahədə kol-kos, xəzəl, quru ağac kötükləri və ağaclar yanıb.

Lənkəranda yanğın söndürülüb

Lənkəran rayonu, Moloja kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə meşə zolağında baş verən yanğın söndürülüb.

Bu barədə avqustun 4-də Fövqəladə Hallar Nazirliyi bildirib.

Nazirliyin açıqlamasına görə, yanğın zamanı 10 hektar sahədə kol-kos, quru ağaclar və qismən ağaclar yanıb. "Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub", - nazirlik qeyd edib.

Yardımlı və Lənkəranda meşə yanğınları davam edir

Yardımlı rayonu, Honuba kəndi yaxınlığında meşə yanğını davam edir. Amma rayon icra hakimiyyətindən "Turan"a verilən məlumata görə, həmin ərazidə meşə yanğınları sönmək üzrədir. Qurumdan bildirildiyinə görə, canlı qüvvənin və texnikanın səfərbər edilməsi nəticəsində meşə yanğınlarının sahəsi azalır.

Rayon icra hakimiyyətindən habelə bildirildiyinə görə, insan itkisi yoxdur, evlərə xəsarət dəyməyib

Bakıdan 292 kilometr cənubda, meşə zolağında yanğın avqustun 1-dən başlayıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə yanaşı, başqa qurum və yerli sakinlərin də cəlb olunduğu açıqlanıb.

"İlkin məlumata əsasən, təxminən 15 hektar sahədə xəzəl, kol-kos, qurumuş ağac kötükləri və qismən ağaclar yanır. Ərazi mürəkkəb relyefli dağlıq ərazidə yerləşir...", - avqustun 1-də nazirliyin açıqlamasında deyilirdi.

Lənkəranda...

Lənkəran Rayon İcra Hakimiyyətindən isə "Turan"a verilən məlumata görə, ötən gün, avqustun 3-də rayonda başlanan meşə yanğınının söndürülməsi işləri davam edir. Yanğının söndürülməsinə helikopterlər, xüsusi avtomobil texnikası, yerli sakinlər və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının cəlb olunduğu deyilir. Amma bildirildiyinə görə, yanğın mürəkkəb relyefli dağlıq ərazidə baş verdiyindən texnikanın həmin əraziyə qalxası çətindir.

Avqustun 3-də Bakıdan 272 kilometr cənubda Lənkəran rayonunun Osakücə meşəbəyiliyinin ərazisində, Hirkan Milli Parkı ilə sərhəddə, Moloja kəndi yaxınlığında yanğın baş verməsi barədə məlumatlar yayılmışdı.